Namaz qılan şəxsin diqqəti ibadətdə olmalıdır. O, böyük Yaradan qarşısında durduğunu dərk etməli, fikrini namazda toplamalı, kənar fikirlərdən uzaq olmalıdır. Namaz qılan şəxsin bəzi artıq hərəkətlər etməsi namazı batil edir. Bu, elə hərəkətlərdir ki, insanı namaz qılmaq halından çıxarır, kənardan baxan adam onun namaz halında olduğunu düşünmür. Ucadan gülmək və ağlamaq bu hərəkətlərə aiddir. Gülməyin hökmü birmənalı olaraq eynidir, çünki insan namaz qılarkən yalnız dünyəvi məsələləri düşünərək gülə bilər, dini və ilahi fikirlərlə namaz üstündə gülmək mümkün deyil. Ona görə də, hər cür ucadan gülüş namazı batil edər (burada gülümsəmək, təbəssüm etmək nəzərdə tutulmur). Ağlamağa gəlincə, dünyaya aid fikirlərin təsiri ilə, məsələn, kasıblıq, xəstəlik, öz yaxınını itirmək üzündən ağlamaq namazı batil edər. Lakin axirətə aid olan düşüncə ilə ağlamaq istisna olunur. Yəni insan öz günahlarını yada salıb cəhənnəm qorxusundan ağlasa, yaxud Allaha duyduğu məhəbbət və şövq üzündən ağlasa, namazına ziyan gəlməz. Hətta əksinə, namaz zamanı günahları yada salıb tövbə niyyətilə ağlamaq savab sayılır.
Milli.Az