
Bu ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
Namizədlər – Prezident İlham Əliyev, deputatlar Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Qüdrət Həsənquliyev, partiya sədri Elşad Musayev və QHT rəhbəri Fuad Əliyev müxtəif nəşrlərdə öz seçki platformalarını açıqlayıblar.
Seçki platformalarında namizədlər sosial, iqtisadi, siyasi ideyalarını təqdim ediblər.
Modern.az namizədlərin xarici siyasəti ilə bağlı fikirlərini araşdırıb.
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 2024-2031-ci illərdə xarici siyasət sahəsində milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasəti davam etdirəcəyini bəyan edib.
Dövlət başçısının qeyd olunan müddətdə seçki platformasında əsas hədəflər aşağıdakı kimi müəyyənləşib:
– Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması;
– Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi;
– Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması;
– Azərbaycanın geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması;
– Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması;
– Qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi;
– Türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi;
– Strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması;
– Azərbaycanın iqtisadi və enerji diplomatiyasının inkişaf etdirilməsi;
– Alternativ və bərpaolunan enerji növlərinin artırılması hesabına “Yaşıl enerji” gündəliyinin irəli aparılması və iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə töhfənin davam etdirilməsi;
– Azərbaycanın nəqliyyat və logistika mərkəzi rolunun daha da gücləndirilməsi;
– Beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsi;
– Multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə aparılması.
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev xarici siyasət sahəsində aşağıdakıları vəd edir:
– Azərbaycanın milli maraqlarına və beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət aparması;
– Vətən müharibəsindən sonra ölkəmizin xeyirinə yaranmış yeni reallığın beynəlxalq müstəvidə qəbul etdirilməsi;
– Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımağa, eyni zamanda, sülh müqaviləsi bağlamağa məcbur edilməsi;
Vətən müharibəsi dövründə və sonra Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin davam etdirilməsi;
– Vətən müharibəsindən sonra bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan qərəzli və çirkin kampaniyanın qarşısının alınması üçün tədbirlər görülməsi;
– Azərbaycanın dünyanın aparıcı təşkilatlarında və tədbirlərində təmsil olunmasının, beynəlxalq təşkilatlara rəhbərlik etməsinin təmin olunması;
– Qardaş Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşməsinin təmin olunması;
– Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün ölkəmizin səylərinin daha da artırılması;
– Vətən müharibəsi dövründə Azərbaycana dəstək verən ölkələrlə münasibətlərin daha da dərinləşdirilməsi;
– Azərbaycanın İslam həmrəyliyi prinsipinə və müsəlman ölkələrinin legitim maraqlarına dəstək verməsi;
– Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi dəstəyin davam etdirilməsi.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev isə xarici siyasətdə İranla münasibətlərdə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz dilləriində yazıb-oxumaq və mədəniyyətlərini inkişaf etdirmək hüququnun daim gündəmdə saxlanılmasını hədəfləyir. Digər hədəflər aşağıkıdalardır:
– Azərbaycanın qonşu və region dövlətləri ilə bərabərhüquqlu münasibətlərinin qorunması və inkişaf etdirilməsi;
– Qərbin siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinin təmin edilməsi;
– Beynəlxalq (Ümumdünya Ticarət Təşkilatı) və regional iqtisadi təşkilatlara üzv olmaq;
– Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları İttifaqı ideyasının genişləndirilməsi, bu ittifaqa keçmiş sovet respublikalarının və İranın daxil olamasının mümkünlüyünün təbliği;
– Azərbaycan Respublikasının Rusiya Federasiyası, eləcə də Rusiyanın sərhədyanı subyektləri, o cümlədən türk respublikaları ilə birbaşa əlaqələrinin inkişaf etdirilməsi, bu respublikalarda yaşayan xalqlarla dostluq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi
– Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın haqlarının beynəlxalq hüquq normaları çərçivəsində qorunmasının təmin edilməsi
– İranla münasibətlərdə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz dilləriində yazıb-oxumaq və mədəniyyətlərini inkişaf etdirmək hüququnun daim gündəmdə saxlanılması;
– Azərbaycanın Türkiyə və digər türk dövlətləri, eləcə də türk toplum və qurumları ilə siyasi, hərbi, elmi, mədəni, iqtisadi əlaqələrinin genişləndirilməsi;
– Türkiyə ilə ümumi bazara keçidlə bağlı danışıqlara başlanılması;
– Təhlükəsizlik sahəsində Türkiyə, Rusiya, İsrail, Pakistan və region ölkələri ilə əməkdaşlığın genişləndilməsi”.
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə prezident seçilərsə, ölkəni GUAM təşkilatından çıxaracağını bildirir. Onun hədəfləri aşağıdakılardır:
– Azərbaycanın neytral ölkə statusunun rəsmi elan edilməsi;
– NATO və KTMT-yə bitərəf münasibətin saxlanması;
– Şanxay Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq istiqamətində fəaliyyət göstərilməsi və Türkdilli dövlətlərlə əməkdaşlığın gücləndirilməsi.
– Ölkəmizin GUAM təşkilatından çıxması;
– Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə ata-baba torpaqlarına qayıdışının beynəlxalq müstəvidə ədalətli həllinə nail olunması.
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa və namizədliyi özü tərəfindən irəli sürülən Zahid Orucun seçki platforasında xarici siyasət məsələlərinə toxunulmayıb.