Narkotikə görə cəzalar sərtləşdirilməlidir!

 

Son vaxtlar hər gün rəsmi məlumatlarda narkotik alverçilərinin, istifadəçilərinin saxlanılamsı ilə bağlı məlumatlar açıqlanır. Sosial şəbəkələrdə kollektiv narkotik istifadəsinə dair görüntülər açıq-aşkar tirajlanır. Artıq narkotik ölkəni ağuşuna alan əsas problemlərdən birinə çevrilib, məktəblərə belə ayaq açıb.

Niyə narkotik bəlasının qarşısını ala bilmirik?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, narkotikin məktəblərə kimi ayaq açması acınacaqlı haldır:

“Bu, gələcək genefond üçün böyük təhlükədir. Xüsusi qurumlar bu sahədə müəyyən işlər aparırlar, bir rayondan 30-40 nəfər eyni anda saxlanılır. Bu prosesdə qonşu İranın da xidmətlərindən danışmasaq olmaz. Ölkəmizdə olan narkotikin 80 faizi İran ərazisindən keçirilir. O ölkədə narkotik istifadə edənlərə, ticarəti ilə məşğul olanlara qarşı cəza tədbiri ən sərt qaydadadır. Məqsəd var ki, İran o ölümü ölkəmizə ixrac edir. Narkotik səbəbindən saxlanılanların cəzasını artırmaq məqsədə uyğundur. Çünki şəxs narkotikə görə saxlanılır, 4-5 ay sonra çıxır yenidən eyni əməli törədir. Cəzalar daha ağır olmalıdır ki, onlar əməllərindən çəkinsinlər. Artıq gələcəyimiz təhlükə altında qalır. Bildirirlər ki, filan rayonda narkotik istifadəçilərinin yuvası aşkarlandı. Bəs, hüquq-mühafizə orqanları o yuvanı aşkarlayana qədər o ərazidə yaşayanlar bilmir ki, filan yerdə toplaşanlar nə ilə məşğuldur. Hamı çox yaxşı bilir, amma buna göz yumurlar, nəyimə lazımdır deyirlər”.

Deputat deyib ki, həm müvafiq qurumlar, həm də xalq sərt mövqedə olmalıdır:

“Bəlkə bu yolla narkotikin qarşısını ala bilək. Narkotik istifadə edənlərin videosunu çəkib yayanlar da cəzalandırılmalıdır. Narkotik alverinin bir təbliğat növü də o görüntüləri yayandır. Bu gün sosial şəbəkə istifadəçilərinin 70-80 faizi gənclərdir. O görüntüləri görən bəzi gənclərdə həvəs, maraq yanır. Bu narkobaronların tutarlı təbliğat vasitəsidir.  Buna  görə də o görüntüləri yayanlar qanunla cəzalandırılmalıdır”.

Psixoloq Aytən Ələkbərova deyib ki, nəyinsə təsiri altına düşmək insanın ən mənfi xüsusiyyətlərindən biridir:

“Zərərli vərdişlərdən əlavə zərərli insanların da təsiri altına düşən şəxslər çoxdur. Həmin şəxslərin təsiri altına düşən gənclər əsasən çətin tərbiyə olunan uşaqlar olub. Çətin tərbiyə olunan uşaqlar dərs zamanı müəyyən hərəkətlərinə görə dərsdən uzaqlaşdırılırlar. Dərsdən qovulanda tinlərdə, küçədə siqarət çəkənlərin yanına gedirlər. Tində dayanan başlayır “məsləhət” verməyə ki, siqareti çək rahatlaş, hər şey yaxşı olacaq. Hərşey siqaretdən başlayır və həzzin təsiri altına düşməyə. Daha sonra isə daxildə bir eqoizm yaranır ki, bunun təsiri altındayamsa, başqa biri də elə olmalıdır. Bu proseslərə görə məktəbin 6-7-ci sinfdən maarifləndirmə aparılmalıdır”.

O qeyd edib ki, ailələr övladlarıyla söhbət aparmalı, dost olmalıdırlar:

“Psixoprofilaktik olaraq uşaqları maarifləndirməliyik ki, bu da məktəbdən başlayır. Məktəblərə xüsusi olaraq psixoloqlar dəvət olunmalıdır. Məsələn, uşaqlar var ki, canlarını çox istəyirlər, ağrıyanda tez sağalmaq üçün dərmanları vaxtında qəbul edirlər. Bu uşaqlar heç vaxt təsir altına düşməz. Ancaq hər şeyə etiraz edən, özünü yekə-yekə aparan uşaqlar nəyinsə təsiri altına asanlıqla düşə bilirlər. Yetkinləşmiş 22-25 yaş arasındakı bəylər və xanımlar arasında da bu hal daha çox müşahidə edilir”.

 

Share: