“Naşükür insan yerində sayar, şükür edən isə irəli addımlayar…”

“Naşükür insan yerində sayar, şükür edən isə irəli addımlayar…”

“…Şükür edənin əldə edəcəkləri daima artan şkala üzrə davam edər. Bu, Allahın verdiyi zəmanətdir:

“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam…” (İbrahim, 7)”

“Şükür et ki, qəlbin rahatlıq tapsın…”

 

 

Bəzi elm adamları şükrün üç təməl sütunu olduğunu qeyd etmişlər: Neməti zahirdə danışmaq, batində təsdiq etmək və haqq sahiblərinə (üsyan etməyərək) itaət etmək…

 

Dahi alim İbn Qayyim, bəndənin şükür etməsinin üç əsasla həyata keçdiyini və bu üçündən birinin olmamasıyla insanın şükür etmiş sayılmayacağını demişdir:

 

“Birincisi, Allahın nemətini etiraf etmək;

 

İkincisi, Ona həmd-şükür etmək;

 

Üçüncüsü, razı olduğu şəkildə Ondan kömək istəmək” Yəni, duanı tərk etməmək.. Çünki, duasız həyat qaranlıqdır, zülmətdir, sıxıcıdır. Qəlb öldükdə, dua ilə dirilər. Quran isə o qəlbi Allaha doğru ən böyük sürətlə gətirər…

 

 

İnsanlar bəxş edilmiş nemətlərə görə müxtəlif təbəqələrə bölünürlər. Uca Allah belə buyurmuşdur:

 

“Verdiyimiz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verən və şübhəsiz ki, bağışlayan, rəhm edəndir!” (Ənam, 165)

 

Məşhur təfsirçi alim İbn Kəsir yuxarıdakı ayə barəsində belə demişdir:

 

“Yəni, ruzidə, əxlaqda və problemlərdə insanlar müxtəlifdir. Uca Allahın Qurani-Kərimdə buyurduğu kimi, bunun da hikməti vardır: “Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (mal-mülkdən) daha yaxşıdır!” (Zuxruf, 32)

 

Yəni, sizə verdiyi nemətlərin müxtəlifliyi ilə sizi yoxlayar və imtahana çəkər; varlı öz var-dövləti ilə, kasıb isə, kasıblığı ilə imtahan olunar – mənası qəsd olunmuşdur.” Bir sözlə insan, şükür və üsyan paradoksu ilə ciddi bir imtahandadır. İmtahanı keçənin mükafatı isə Allahın razılığı – yəni dünya və olacağına heç bir şəkk-şübhə olmayan əbədi həyat/axirət xoşbəxtliyidir.

 

Narazılıq və üsyan nemətləri artırmaz, bərəkəti gətirməz, işləri yoluna salmaz. Lakin şükür, bütün nemətləri -sanki bir maqnit kimi özünə doğru çəkər və artırar. Naşükür insan yerində sayar, şükür edən isə, irəli addımlayar. Təkcə qazanılan qəlb rahatlığı, minlərlə nemətə dəyər… Narazılıq insanı yeyib bitirir, simasına qədər təsir edir. Uzun sözün qısası, şükür edənin əldə edəcəkləri daima artan şkala üzrə davam edər. Bu, Allahın verdiyi zəmanətdir:

 

“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam…” (İbrahim, 7)

 

Uca Allah bizi əmrlərinə itaətkar, bəxş etdiklərinə şükür edən, düçar etdiklərinə isə səbirli bəndələrindən etsin! Çünki, Allahın dediyi kimi “Qullarımdan şükür edənlər azdır.” (Səba, 13) Səhabələr “Allahım, bizi o azlardan et!” – deyə dua edərdilər. Ey Rəbbimiz, bizi də!…

 

www.islamevi.az

Mənbə

Share: