“Mərkəzin yaradılmasında məqsəd Ukraynaya dəstək fəlsəfəsini dəyişmək və onun qüvvələrini NATO standartlarına uyğunlaşdırmaqdır…”
NATO ukraynalı hərbçilər üçün müdafiə hazırlığı, təhlil və təhsil mərkəzini işə salacaq. Bu layihə Avropa İttifaqının tədris missiyası və müttəfiqlərin mövcud proqramlarını tamamlamalıdır.
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri yazıb.
Məlumatda deyilir ki, Alyansın mərkəzi Ukraynaya əsgər və hərbi qulluqçuların hərbi hazırlığına kömək etməklə yanaşı, həm də onları müdafiədə strategiya və idarəetməni öyrədəcək.
Qeyd edilir ki, mərkəzin məqsədi iki ildir ki, Rusiyaya qarşı döyüşən Ukraynaya dəstək səviyyəsini yüksəltmək ə onun qüvvələrini NATO standartlarına uyğunlaşdırmaqdır.
Əlavə edilib ki, bundan öncə Alyans Rusiyanın təhlükə kimi qəbul edəcəyi addımlardan çəkinib. Məhz bu səbəbdən Alyans üzvləri Ukraynanı ikitərəfli əsasda və ya qrup halında hərbi texnika və təlimlə təmin edib.
Lakin yeni mərkəz bununla bağlı yeni fəlsəfəni və NATO ilə Kiyev arasında münasibətlərin yeni elementini nümayiş etdirir.
Hazırda 31 müttəfiq ölkə maliyyələşmə variantlarını (ümumi hesab və ya büdcə fondundan) və orada işləyəcək təlimatçılar tipini müzakirə edir.
O cümlədən, bu, yeni bazada yerləşdiriləcək təlimatçılar və ya NATO üzvləri tərəfindən daha qısa müddətə göndəriləcək şəxsi heyət ola bilər.
Gözlənilir ki, NATO ölkələri müdafiə nazirləri tezliklə layihənin detallarını razılaşdıracaq və iyul ayında Vaşinqtonda keçiriləcək sammitdə təsdiq edəcək.
Ukraynada müharibə-müttəfiqlərin yardımı
Xəbər verildiyi kimi, on minlərlə ukraynalı hərbçi müttəfiq ölkələrdə təlim keçir.
Oktyabr ayında ukraynalı ekipaj Britaniyada “Joint Warrior-23-II” donanma təlimlərində iştirak edib.
Bu manevrlər zamanı onlar minaəleyhinə fəaliyyət və minaəleyhinə əməliyyatlarda iştirak üzrə elementləri öyrənib.
Payızda ABŞ, Rumıniya və bir neçə ölkə ukraynalı pilotlarına “F-16” qırıcı təyyarələrdə təlim keçib.
Həmçinin Çexiya Senatı ukraynalı hərbi qulluqçuların döyüş hazırlığının keçirilməsi mandatını 2024-cü ilin sonunadək uzadıb.