“TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərov Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədova açıq məktubla müraciət edib.
Həmin müraciəti təqdim edirik:
“Hörmətli Baş nazir!
“TNS-ə Naxçıvan Dövlət Universitetinin tikilməkdə olan idman stadionunun heç bir rəsmi qərar olmadan sökülməsi ilə bağlı məlumat daxil olub. Bildirilir ki, həmin idman stadionunun tikintisinə 631 min 766 manat vəsait xərclənmişdi. Redaksiyamıza göndərilən rəsmi sənədlərdən aydın olur ki, stadionun sifarişçisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçısı isə “Nəqşicahan İnşaaat” MMC olub. Stadionun tikintisi üçün vəsait Naxçıvan Dövlət Universitetinin büdcəsindən ödənilib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə bununla bağlı verilən sorğuda bildirilib ki, Naxçıvan Dövlət Universitetinin idman stadionu yenidən layihələndirilib. Bunun əsas səbəbi ilkin layihələndirmədə aşkar edilmiş nöqsanlar, o cümlədən layihədə stadionun funksionallığının zəif göstərilməsi, onun müasir üsul və imkanlara cavab verməməsi olub. Yeni layihə sifarişçi ilə razılaşdırılıb. Stadionun tikintisi əvvəl bu işi həyata keçirən podratçı şirkət “Nəqşicahan İnşaat” MMC-nin hüquqi varisi olan “APF Tikinti” MMC tərəfindən əlavə vəsait tələb olunmadan həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9-cu maddəsində tikinti fəaliyyətinin anlayışı verilib və müəyyən edilib ki, tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir.
Necə ki, inşaat işləri tikinti layihəsi əsasında həyata keçirilməlidir, eyni zamanda söküntü işləri də tikinti fəaliyyəti hesab edildiyindən məhz söküntü layihəsi əsasında həyata keçirilməlidir. Bu hal məcəllənin 3.0.27-ci, 74.1 və 74.2-ci maddələrinin tələblərindən irəli gəlir. Məcəllənin 74.1-ci maddəsində müəyyən edilir ki, məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri (tikintisinə icazə tələb edilməyən fəaliyyət, məlumatlandırma icraatı) istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin məcəllənin 74.2-ci maddəsinə müvafiq olaraq bu məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir.
Məcəllənin 95-ci maddəsində birbaşa vurğulanır ki, əgər tikintisi başa çatmış və ya başa çatmamış tikinti obyekti hətta sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə belə sökülməsi halında (məcəllənin 95.1.4-cü maddəsi) məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri (tikintisinə icazə tələb edilməyən fəaliyyət, məlumatlandırma icraatı) istisna olmaqla, mütləq qaydada buna icazə tələb olunur və məcəllənin 95.6-cı maddəsinə əsasən tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. Həmçinin, sökülən tikinti obyekti Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmalıdır (məcəllənin 104.1-ci maddəsi).
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın tələblərinə əsasən isə tikinti obyektlərinin sökülməsi mexanizmi və qaydası, bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, o cümlədən də nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin səlahiyyətləri müəyyən edilib.
Göründüyü kimi, mövcud qanunvericilik tikintinin sökülməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasını tələb edir.
Naxçıvanda tikintiyə dövlət nəzarətini həyata keçirən muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinə ayrı-ayrı vaxtlarda göndərdiyimiz sorğulara cavabda bildirilib ki, Naxçıvan Dövlət Universitetinin futbol stadionunun nazirlik tərəfindən sökülməsi və yaxud tikintisinin dayandırılması ilə bağlı heç bir tədbir həyata keçirilməyib. Stadionun sökülməsi ilə bağlı obyekt hansı qurumun balansındadırsa, həmin təşkilata müraciət olunması məqsədəuyğundur.
Deməli, stadion qanunsuz şəkildə sökülüb.
İşin faktiki halları ilə və sorğulara cavablardan müəyyən edilir ki, dövlət vəsaiti hesabına inşa edilən tikilinin sökülməsi qəsdən edilmiş hərəkətdir və vəzifəli şəxs/şəxslər tərəfindən səlahiyyətlərini aşmaqla törədilib. Belə ki, söküntü hər hansı icazə alınmadan, söküntü layihəsi tərtib edilmədən və Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmadan, naməlum səbəblərdən və qəsdən aparılıb. Belə olan halda hesab edirik ki, bu əməli törətməkdə şübhəli olan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri (Cinayət Məcəlləsinin 186 –cı – Əmlakı qəsdən məhv etmə və ya zədələmə; 309-cu – Vəzifə səlahiyyətlərini aşma) ilə cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qanunvericiliyə uyğun olaraq, stadion yenidən layihələndiriləndə tikintiyə dövlət nəzarətini həyata keçirən orqanla razılaşdırıbmı? Stadion niyə Fövqəladə Hallar Nazirliyinin məlumatı və qərarı olmadan sökülüb? Komitə sifarişçi kimi mövcud qanunvericiliyin pozulmasını necə izah edir? Əgər stadion komitənin məlumatı olmadan, bu dövlət orqanı ilə razılaşdırılmadan sökülübsə, komitə hansı qanuni tədbirləri görüb?
Bu suallarla Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, sorğulara cavab verilməyib. Sorğulara cavab verilməməsi qanun pozuntusudur və komitə buna görə məsuliyyət daşıyır.
Cənab Baş nazir!
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mərkəzi icra hakimiyyəti orqanıdır və Nazirlər Kabinetinə tabedir. Hökumətinizin üzvü olan komitə sədri İlqar Sadıqovun işə və media sorğularına belə məsuliyyətsiz yanaşması qəbulediməzdir. Sorğulara cavab verilməməsi bizdə o qənaəti yaradıb ki, dövlət komitəsi qanunları kobud şəkildə pozub.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir. Həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həm də Fövqəladə Hallar Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olduğundan onların fəaliyyətinə Nazirlər Kabineti tərəfindən nəzarət edilir. Odur ki, Nazirlər Kabineti qanunsuz şəkildə sökülən idman stadionu ilə bağlı məsələni ciddi nəzarətə götürməli və araşdırmalıdır.
Cənab Baş nazir!
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərdiyimiz sorğuların cavablandırılması üçün qanuni müddət başa çatıb və bizim sorğularımıza cavab verilməyib. Bu hal hökumətinizin digər üzvləri tərəfindən də təkrarlandığından sonda Sizə müraciət eməyi qərara aldıq. Qanunları pozan məmurlar barədə tədbir görülməsi, soruğularımızın cavablandırılaması üçün göstəriş verməyinizi Sizdən xahiş edirik. Ümid edirik ki, Siz hökumət üzvlərinə nəzarətin artırılması, bu məsələlərin obyektiv şəkildə araşdırılması, dövlətə vurulan ziyanın aradan qaldırılması, günahkarların cəzalandırılması üçün tədbirlər görəcəksiniz”.