Naxçıvanın statusu ləğv olunur – Referendum keçiriləcək

Azərbaycanda hələ ki ilin son akkordları Naxçıvan hadisələrilə vurulmaqdadır. Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun 27 il sonra istefa verməsinin ardınca Prezident əraziyə öz səlahiyyətli nümayəndəsini təyin etdi. Dövlət Təhlükəsizliyi Xidmətinin Muxtar Respublikada keçirdiyi əməliyyatlardan sonra isə Naxçıvan Gömrük Komitəsi ləğv olundu. Hazırda isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğv edilib, Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsinin yaradılması ilə bağlı məsələ gündəmə gəlib. Bütün bu dəyişikliklərin Naxçıvanın muxtar respublika statusunun ləğvilə nəticələnəcəyi təəssüratını yaradır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, proseslər həqiqətən də, onu göstərir ki, Naxçıvanın muxtariyyəti ləğv ediləcək:

 

“Ümumiyyətlə, dövlət başçısı ölkədə ciddi islahatlara start verib. Bu gün Azərbaycanda 14 iqtisadi rayon var. Yerlərdə regional idarələr yaradılır. Yavaş-yavaş islahatlar gedir. Cənab Prezident Naxçıvana, Qarabağa, Şuşaya səlahiyyətli nümayəndələr təyin edib. Təyin olunan səlahiyyətli nümayəndələr də faktiki olaraq özlərini doğruldurlar. Beləliklə, məsələyə baxıla, konstitusiyada islahatlar aparıla bilər. Mən hesab edirəm ki, Naxçıvanın muxtariyyəti ləğv ediləcək və o da iqtisadi rayonlardan biri olacaq. Təbbi ki, bu, Zəngəzur dəhlizi açılıb, Naxçıvanla sıx əlaqələrimiz yarandıqda baş verəcək”.

 

 

Vahid Əhmədovun fikrincə, muxtariyyatin ləğvi uzun çəkməyəcək:

 

“Muxtariyyətin nə vaxt ləğv olunacağını, əlbəttə, cənab Prezident bilə bilər. Ancaq elə hesab edirəm ki, bu məsələ çox çəkməyəcək”.

 

Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də deyib ki, bunun üçün yeni konstitusiya islahatlarına ehtiyac var:

 

“Çünki bəzi problemlər var ki, onların həllində konstitusiyon dəyişikliklər mütləqdir. Eyni zamanda, Naxçıvanın idarəetmə forması ilə bağlı məsələ də bununla bağlıdır. Konstitusiyada muxtariyyətin ləğv edilməsi ilə bağlı prosedurlar olmalıdır. Naxçıvanın statusunun ləğvi ilə bağlı prosedurlar Konstitusiyada ona görə olmalıdır ki, onun idarəetmə formasının düzəldilməsinə, yaxud yenidən dizayn edilməsinə qanuni əsaslar yaransın. Düşünürəm ki, Qarabağ iqtisadi zonasının inzibati əraziyə çevrilməsi, 44 günlük Vətən müharibəsinin Konstitusiyada əks olunması məsələlərinə də eyni kontekstdə baxılmalıdır”.

 

 

Onun sözlərinə görə, konstitusion islahatlar qaçılmazdır:

 

“Ümid edirəm ki, gələn ilin ilk günlərində konstitusiya islahatları ilə bağlı xəbəri eşidəcəyik. Artıq bununla bağlı hazırlanmış layihə elan ediləcək. Əlbəttə ki, bunun üçün referendum elan edilməlidir. Referendum keçirilməsi gələn ilin əvvəlində artıq elan olunmalıdır. Bundan sonra layihə ən azı 60 gün müzakirə olunmalıdır. Qanuni vaxtları nəzərə alsaq, məsələlərin həlli Novruz bayramından sonraya qalacaq”.

Mənbə

Share: