Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis vəzifəsinə hələlik təyinat olmayıb.
Report-un xəbərinə görə, hazırda bu vəzifənin icrası müvəqqəti olaraq İdarənin rəis müavini, polis polkovniki Samir Zeynalova tapşırılıb.
Qeyd edək ki, S.Zeynalov 1980-ci ildə anadan olub, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
O, 1996-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və 2000-2005-ci illərdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində, 2005-2006-cı illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, 2006-2011-ci illərdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2011-2015-ci illərdə isə şöbə rəisi vəzifələrində çalışıb.
2015-ci ilin yanvar ayının 21-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3 və 2-ci dərəcəli medallarına, digər müxtəlif mükafatlara layiq görülüb.
Xatırladaq ki, bir neçə gün əvvəl İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.