Nazir şagirdlərin məzun lentini imzaladı

İyunun 14-də Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.

Milletinsesi.az xəbər verir ki, tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon təhsil ictimaiyyətinin nümayəndələri, valideyn və şagirdlər iştirak edib.

“Son zəng” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.

Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin uğurlarından söz açan Ceyhun Bayramov bildirib ki, son 5 ildə bu məktəbin məzunlarından 4 nəfər 600-dən çox bal toplayıb. Nazir məktəbin çoxsaylı elm adamları, əmək qəhrəmanları, millət vəkilləri, şair və yazıçılar, beynəlxalq səviyyəli idmançılar, çoxsaylı müəllim, həkim və mühəndis kadrları yetişdirdiyini diqqətə çatdırıb.

“Son zəng” tədbirindən sonra Təhsil naziri Ceyhun Bayramov məktəbin 28 nəfər məzunu ilə görüşüb, söhbət edib. Nazir məzunların gələcək təhsil pilləsində uğur əldə edəcəklərinə, onlara yaradılan imkanlardan faydalanaraq cəmiyyətdə layiqli vətəndaş kimi yetişəcəklərinə inamını ifadə edib. Məzunları bir daha təbrik edən Təhsil naziri onlara yeni həyat mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, Qubadlı rayonu Hal kənd tam orta məktəbi 1932-ci ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. Sonradan yeddi illik və tam orta məktəbə çevrilib. Hazırda məktəbdə 11 sinif komplektində 202 nəfər şagird təhsilə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 23 nəfər pedaqoji heyət məşğul olur.

 

Share: