Bir müddət əvvəl adı dəyişdirilərək Elm və Təhsil Nazirliyinə çevrilən qurum hazırda böyük səlahiyyətlərə malikdir. Azərbaycan Milli Elmlər Akademiyasından alınan bəzi elm müəssisələri Emin Əmrullayevin rəhbərlik etdiyi nazirliyə veriləndən sonra bu sahədə ciddi irəliləyişin olacağı, elmin inkişaf edəcəyi gözlənilirdi. Bir çox deputat və ekspertlər Elm və Təhsil Nazirliyinin formalaşdırılmasını müsbət hadisə kimi qiymətləndirirdilər.
Bəs, gözləntilər özünü doğrultdumu? Yaxud, nazirlik elmin və təhsilin öhdəsindən gələ bilirmi?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, elmə ayrılan indiki vəsaitlə elmin inkişafına nail olmaq mümkün deyil.
“Milli Məclisdə elmə ayrılan vəsaitin artırılması məsələsini qaldırmışdıq. Ali məktəblərin əksəriyyəti ödənişli təhsil xidməti göstərir, o vəsaitin böyük hissəsi müəllimlərin əmək haqqına gedir. Həm tədqiqat, həm də tədris üçün vəsaitlər artırılmalıdır. Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan tədqiqat institutlarına müstəqillik verilməlidir. İlk növbədə maliyyə müstəqilliyi yaratmaq lazımdır ki, müəyyən işlərin öhdəsindən gəlmək mümkün olsun. Elm və təhsilin inteqrasiyası məsələsi çox sürətlənməlidir. Dördüncü sənaye inqilabi dövründə yaşayırıq, bu dövrün tədqiqatları 10-15 il bundan əvvəlki tədqiqatlardan fərqlənir. Bütün dünyada mühəndis yetişdirmək tendesiyası sürətlə artıb. Bir çox ölkələrdən geridəyik. Müxtəlif yönümlərdə tədqiqatlar üçün inkişaf etməliyik”, – deyə deputat irad və təkliflərini dilə gətirib.
Təhsil ekperti Kamran Əsədov isə vurğulayıb ki, Azərbaycandakı ali təhsil müəssisələri dünya reytinq cədvəlində yoxdur və bu fakt təhsil ictimaiyyətini ciddi şəkildə narahat edir.
“Bu məsələ bizi çox ciddi şəkildə narahat edir. Reytinq cədvəlinə düşə bilməməyimizin bir neçə səbəbi var. Ən başlıca səbəb ali təhsil müəssisələrinin idarə edilməsindəki boşluqlardır. Xeyli müddətdir ki, Elm və Təhsil Nazirliyi yaradılıb, amma müvafiq qurumun bu istiqamətdə gördüyü iş yetərli deyil. Nazirliyin üzərinə düşən yükü qaldırmaq kimi potensialı yoxdur. Çünki orada rəhbər şəxslərin elmi dərəcəsi, elmi tədqiqat işləri yoxdur. Nazirliyin 3 müavini var, onların sayı artırılmalıdır, bir müavin yalnız elmi sahəyə ayrılmalıdır. Hazırkı Elm və Təhsil Nazirliyi qarşıya qoyulan məqsədlərə, hədəflərə çata bilməyəcək. Nazirliyin bu komandası bizi irəli apara bilməyəcək”, – deyə təhsil eksperti nazirliyin fəaliyyətinə qiymət verib.