Nazirlik sertifikatlaşdırma ilə bağlı yayılan iddialara münasibət bildirib

Elm və Təhsil Nazirliyi sertifikatlaşdırma ilə bağlı sosial şəbəkələrdə yayılan bir sıra məsələlərə aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, yayılan məlumatlardan biri budur ki, istisnasız olaraq bütün müəllimlər sertifikatlaşdırmada iştirak edəcəklər. Amma əslində, hamilə və ya sosial məzuniyyətdə olan qadınlar sertifikatlaşdırmadan azaddırlar.

İbtidai sinif müəllimləri üçün test tapşırıqlarının yuxarı sinif səviyyəsində hazırlandığı ilə bağlı iddiaya cavab olaraq bildirilib ki, həmin müəllimlər üçün test tapşırıqları şagirdlərə tədris etdikləri dərsliklər əsasında tərtib olunub.

Digər bir məsələ sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərin işdən azad ediləcəyi bağlı yayılan iddiadır. Qeyd edilib ki, uğur qazanmayan müəllimlərə bir il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq.

Nazirlik həmçinin ilk dəfə uğur qazanmayan müəllimlərin dərs yükü və əməkhaqqının azalacağı, sertifikatlaşdırmanın nəticəsinin əməkhaqqına müsbət təsir etməyəcəyi ilə bağlı fikirlərə də münasibət bildirib.

Qeyd edilib ki, ilk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqı azalmayacaq. Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10% əlavə, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına 35 faiz əlavə veriləcək.

 

Share: