Bəzi iaşə obyektlərindən və şadlıq saraylarından axşam saatlarında yenə də havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər daxil olub.
Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Ramal Bağırov bildirib.
Onun sözlərinə görə, mütəxəssislər tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb. Məlum olub ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır.
“Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında qulluq edilmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar”.