Bu ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması səbəbindən 19 nəfər işdən çıxarılıb.
Millətin Səsi.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, Meşələrin İnkişafı Xidməti və tabeli qurumlar tərəfindən ümumilikdə 2021-ci ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 3457 akt tərtib edilərək, 441 215 manat məbləğində ziyan hesablanıb:
“Bundan 2962 akt 6050 m3 həcmində 12834 ədəd ağacın qanunsuz kəsilməsinə görə tərtib edilib. Meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 9 ay ərzində 216 478 manat məbləğində 186 iş hüquq-mühafizə və məhkəmə orqanlarına göndərilib. Həmçinin meşə qanunvericiliyinin pozulması səbəbi ilə meşə təsərrüfatı işçilərindən 1 şəxsin vəzifə maaşı azaldılıb, 91 xəbərdarlıq, 112 töhmət, 42 şiddətli töhmət verilməklə, 19 meşə təsərrüfatı əməkdaşının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib”.