“Neftçi” mütləq rekordçudur

Azərbaycan Premyer Liqasının cari mövsümündə ən çox qol vuran komanda “Qarabağ”dır.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, çempionatın lideri 20 oyunda 34 dəfə fərqlənib. Yarışın 28 illik tarixində isə bundan üçqat yüksək nəticəyə də təsadüf olunur.

1992-ci ildən keçirilən çempionatın mütləq rekordu elə həmin ildə qeydə alınıb. “Neftçi” mövsümü – 104 qolla başa vurub. Həmin çempionatda daha bir komanda – Sumqayıt “Xəzər”i də 100 qol səddini fəth edib. Bu iki göstəricidən başqa 100 və daha çox qol vuran komanda olmayıb. 3-cü nəticə də 98 qol sevinci yaşayan “Neftçi”yə məxsusdur.

Azərbaycan çempionatında mövsüm ərzində ən çox qol vuran 5 komanda

1. “Neftçi” (1992) – 104

2. “Xəzər” S (1992) – 100

3. “Neftçi” (1996/97) – 98

4. “Kəpəz” (1998/99) – 91

5. “Kəpəz” (1995/96) – 84

1992-ci ildə 100 qol səddinin keçilməsində oyun sayının çoxluğu da rol oynayıb. Lakin bu, məhsuldarlığın yüksək olmasına şübhə yeri qoymur. Hər halda 100 və daha çox qol vuran hər iki komanda orta göstəricidə ən məhsuldar “beşlik”də yer alır. Mütləq rekord isə “Neftçi”nin 1996/97 mövsümündəki göstəricisidir. Həmin vaxt “ağ-qaralar” hər oyunda 3,27 qola imza atıb. “Şəmkir”, həmçinin daha bir dəfə “Neftçi” 3 səddini aşa bilib.

Azərbaycan çempionatında mövsüm ərzində orta hesabla ən çox qol vuran 5 komanda

1. “Neftçi” (1996/97) – 3,27

2. “Şəmkir” (2000/01) – 3,10

3. “Neftçi” (1992) – 3,06

4. “Kəpəz” (1994/95) – 2,95

5. “Xəzər” S (1992) – 2,94

Qeyd: orta göstərici hesablanarkən texniki nəticə ilə başa çatan oyunlar və belə matçlardakı top fərqi nəzərə alınmayıb.

Share: