Nikolun üzündəki “zəqqum”, Sarıbabadakı xain plan və yetişməkdə olan “Qisas-2” əməliyyatı

Ermənilərin atəş trayektoriyasına baxın, daha Kəlbəcər, Daşkəsən, Tovuz tərəflərdə təxribat törətməklə kifayətlənmirlər: Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı istiqamətindən də güllə atmağa cəsarət edirlər! Heç şübhəsiz ki, noyabrın 22-23-də atəş nöqtələrinin “zəngin” olmasının və təxribatların saatlarla davam etməsinin (saat 09.17-dən 14.48-adək; saat 22.15-dən 01.15-ədək) səbəbi İrəvanda keçirilən KTMT-nin toplantısı ilə əlaqədar idi. Nikol Paşinyan və Qarabağdakı erməni tör-töküntülər genişmiqyaslı hərbi təxribatlara əl atmaqla “Rus NATO”-sunun İrəvan zirvəsinin gündəliyini də zənginləşdirmək istəyirdilər. Həm də “əsaslar yaratmağa” çalışırdılar ki, “baxın, Azərbaycan heç sizi də saya salmır, durub İrəvana gəlibsiniz, amma bizim adamları “genosid” edirlər”. Gördülər Azərbaycan təmkinini pozmur, dözür, elə Putin-Paşinyan görüşünün keçirildiyi saatlarda bir xəbər yaydılar ki, guya Azərbaycan tərəfdən açılan atəşlə bir erməni hərbçi yaralanıb. Amma nə hərbçinin adı var, nə yeri, nə də fotosu. Sadəcə şər…

 

B1CD3CBD-30DA-42CA-BFCA-8771353FF910.jpeg (3.76 MB)

 

Bundan əvvəl sərhədyanı bölgədə, Azərbaycan əsgərləri ilə beş addımlıqda üz-üzə dayanmış erməni hərbçinin nalayiq ifadələrlə hərbçimizi təhqir etməsi də həmin təxribatçı planın tərkib hissəsiydi. Əsgərimiz səbrini cilovlayıb, dözdü, yəqin ki, ümummilli maraqlar naminə, komandanlığın qərarına uyğun şəkildə. Amma həmin erməni iti mütləq cəzasını alacaq, buna şübhəm yoxdur! İstisna deyil ki, qarşıdakı erməni postu da olmaz olacaq çox keçmədən. Özü də təkcə bu istiqamətdəki sarsaqlar cəzalandırılmayacaq, həm də Şuşaya, Xocalıya, Füzuliyə dil uzadanların da dili boğazından çıxarılacaq! Bunun alternativi də yoxdur, başqa cür ola bilməz!

 

aa.jpg (62 KB)

 

Nikol özünü hər cildə saldı. Hətta sifətindəki zəqqumu o qədər artırdı ki, Lukaşenko “sən nə qüssəlisən?”-soruşmaqdan vaz keçə bilmədi. Adam öz evinə qonaqlar çağırır, amma bütün nifrinliyini tökür ortaya. Ola bilsin bu, Paşinyanın KTMT dövlət başçıları üçün sonuncu evsahibliyi olacaq. Çıxışının böyük hissəsini Azərbaycandan şikayətlənməyə ayırdı. Putin daxil, gələnlər az qalırdılar qapını çırpıb getsinlər, kim olsa, çıxışına bu qədər biganə münasibətdən sonra elə gecə ilə özünü asardı.

 

Bu, özünü anlamazlığa vuran varlıq deyir ki, “Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qüvvələrinin məsuliyyət zonasındakı Fərrux kəndinə Azərbaycan rusların gözü qarşısında yerləşib. Azərbaycan 66 erməni əsgərini də Hadrutun Çaylaqqala kəndində Rusiya sülhməramlılarının iştirakı ilə əsir götürüb”. Adam bir tərəfdən deyir 1991-ci ilin Almata sənədi var, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sərhədlər var, daha nələr…Digər tərəfdən də Azərbaycanın öz sərhədləri daxilində həyata keçirdiyi antiterror əməliyyatlarına, qanunsuz əməllərə qarşı mübarizəsinə iyrənc burnunu soxur! Sən kapitulyasiya aktını imzalayandan bir ay sonra Şirakdan terrorçuları yolla Azərbaycana, onlar da gəlib mülki şəxsləri, hərbçiləri qətlə yetirsinlər, sonra da de ki, ruslar niyə onların tərksilah edilməsinə göz yumdu? Əslində Azərbaycanın rus hərbçilərə sualları cavabsız qalıb: erməni terrorçular silah-sursatla necə olub onların yanından keçib Hadruta gəlmişdilər?! Yaxud rus hərbçiləri hansı əsasla Fərrux kəndində Azərbaycan hərbçilərinin yerləşməsinə mane ola bilərdi? Görünür hələ də ağılları başlarına gəlməyib və başa salmaq lazım gələcək – növbəti əməliyyatla!

 

89E6FE14-59CE-45A7-A47B-481E1B9F55EA.jpeg (3.63 MB)

 

Nikol Paşinyanın KTMT-yə növbəti saymazlığı yekun bəyannaməni imzalamaması oldu. Adam öz evində etdi bunu. Küçələrdə də “Rədd olsun KTMT”, “Rədd olsun Putin” şüarları qışqıran ermənilər. Ermənistan bununla Qərbdəki havadarlarına baha satılmağa hazır olduqlarını nümayiş etdirdilər. Amma eyni zamanda Rusiyaya da özlərini daha baha qiymətə təklif etmək istəyirlər. Rusiyanın artıq o vaxtı deyil ki, 1 milyardlıq silah-sursatı havayı yollasın İrəvana. Yaxud Gürcüstandan çıxartdığı hərbi texnikasını pay kimi Ermənistana yollasın. İndi Ukraynada 43-cü illərdən qalma toplarla döyüşən ölkənin satqın ermənilərə verəsi bir şeyi qalmayıb. Ona görə də Nikol belə bir “mərəkə” qopartdı.

 

6utyytu-1669199222.jpg (239 KB)

 

İstənilən halda, proseslər Azərbaycanın istədiyi məcrada davam edir. Əslində Ermənistanın üzv olduğu KTMT-də Azərbaycanın mövqeləri daha üstündür, bu, faktdır. Azərbaycan bu qurumun iki Türk dövlətinin də iştirakı ilə Turan Ordusu yaradır, Türk Dövlətləri Təşkilatında birləşib. İndi onlar durub erməni sarsaqlara dəstək verəsi deyillər ki. KTMT-nin baş katib postunun rotasiya qaydasında Belorusdan Qazaxıstana keçməsi də vacib məqamdır. Ermənistanın baş katiblərdən “yarımadığı” da faktdır. Putin müxtəlif manevrlər etsə də, Azərbaycanı birdəfəlik özündən uzaqlaşdırmağa risk etməz, mənasız Ermənistana görə. Paşinyanın mənasız çıxışı zamanı Rusiya prezidentinin onu gözucu süzməsi, daha sonra masadakı su şüşəsinin üstündəki yazını oxuması münasibəti aydın göstərir. Tacikistan liderinin yuxuya dalması öz yerində. İki Trük dövlətinin liderinin də ürəyi Azərbaycanla bir döyünür. Lukaşenko isə Nikolla məzələnir…Durum belədir. Bu mənada cığal baş nazirin “Ermənistana yardım göstərmək haqqında” sənədləri imzalamağa hazır olmadığını, bunun əvəzində KTMT-nin Azərbaycanı “işğalçı ölkə” kimi tanımasını istəməsi sərsəmlikdir.

 

DAAC3A41-3BDE-448D-90AD-C4D559C342C7.jpeg (2.06 MB)

 

Belə görünür ki, Erməni revanşistlərin ağzından vurulacağı günə çox qalmayıb. Qarabağdakı Ruben Vardanyanın yeni “komanda” qurmaq cəhdi də məkrli çevrələrin həyata keçirdiyi növbəti təxribatçı addımdır, cavabsız qalmayacağına əminik! Hardan idarə olunduğu da bəlli. Bu günlərdə Vardanyanın guya “vətəndaşlığından imtina etdiyi” Rusiyaya səfərə hazırlaşması da qaranlıqlara işıq salır.

 

Amma Azərbaycan dövlətini heç kim durdura bilməz! Hər şey plan üzrə gedir, şübhəmiz yoxdur. Erməni terrorçularının Qarabağdan birdəfəlik təmizlənməsi üçün əməliyyatların keçirilməsi an məsələsi ola bilər. Əksi qaçılmazdır. Bu istiqamətdə kifayət qədər faktlar var və şübhəsi olanlara təqdim olunur. Rəsmi: “Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirilib.

 

11122.JPG (86 KB)

 

Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də qeyd olunan ərazidə olublar”.

 

Xatırladaq ki, 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina bölmələrimiz tərəfindən noyabrın 21-də zərərsizləşdirilib. Bundan əvvəl 1400 mina zərərsizləşdirilmişdi, 2021-ci il istehsalı olan minalar! Üst-üstə 1750 mina! Nə qədər itki verə bilərdik, azca ehtiyatsızlıq etsək…Belə terrorçu dəstə dərhal məhv edilməlidir! Qardaş Türkiyə İstanbul terrorundan sonra haqlı olaraq terrorçuların başına od ələyir bu günlərdə, İraqda, Suriyada! Biz niyə öz ərazimizdəki terrorçulara dözməliyik?

 

Azərbaycan Ermənistandan mina xəritələrini tələb etdiyi halda, hələ 2021-ci il istehsalı olan minaları daşıyıb, ayağımızın altına düzürlər! Laçın yolu ilə daşıyırlar, nəfəslik verdiyimiz yolla! Səbrimiz sonsuz deyil! Daha yiyələrinə də sözümüzü dedik, ipini dartmasalar, çarəsini özümüz tapacağıq! “Qisas-2” anı yetişir…

 

Elşad Paşasoy,

Musavat.com

 

Mənbə

Share: