Növbəti pandemiya Arktika buzlarının əriməsindən gələcək

Alimlər qütb Arktika gölünün torpağını və çöküntülərini təhlil edərək belə qənaətə gəliblər ki, buzların əriməsi ilə artıq məlum və qədim virusların inkişafı və yayılması riski xeyli artır.

 

Moderator.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazır. Nəşr bildirir ki, buzdan azad olmaları ilə yanaşı onlar yeni daşıyıcılar da qazanırlar.

 

“The Guardian” yazır ki, növbəti pandemiya yəqin ki, yarasalardan və ya quşlardan deyil, əriyən buzun içində gizlənən şeylərdən gələcək. Alimlər bir çox buzlaqlardan su qəbul edən qütb Arktikasındakı Heyzen gölünün torpağını və çöküntülərini təhlil ediblər. Onlar nümunələrdə artıq məlum olan virusların DNT və RNT-sini müəyyən ediblər, alqoritm qurublar və belə qənaətə gəliblər ki, buzların əriməsi səbəbindən virusların yeni daşıyıcılara çıxış əldə etməsi ehtimalı artır.

 

Yəni, iqlimin istiləşməsi səbəbindən əvvəllər buz və əbədi şaxta ilə donmuş viruslar və bakteriyalar oyanaraq yerli həyatı yoluxdura bilər. Məqalə müəllifi xatırladır ki, 2016-cı ildə Sibirin şimalında, böyük ehtimalla yoluxmuş maralın skeletinin əriməsi ilə əlaqədar olaraq, qarayara xəstəliyi baş qaldırmışdı.

 

Eyni zamanda, insanların hələ bilmədiyi virusların buzlaqlarda gizlənə biləcəyini göstərən başqa araşdırmalar da var. Belə ki, bir il əvvəl ABŞ alimləri Tibetdən götürülmüş nümunələrdə 33 virus aşkar ediblər və onlardan 28-i insana məlum deyildi. Onların yaşı 15 min il olaraq qiymətləndirilir. 2014-cü ildə isə fransız alimləri Sibirin əbədi buzlaqlarından bir virusu canlandıra bildilər və o, 30 000 ildən sonra ilk dəfə yenidən yoluxucu oldu. Həmin araşdırmanın müəllifinin fikrincə, belə buzların açılması “fəlakət reseptidir”.

 

Baxmayaraq ki, ekspertlər pandemiya riskinin proqnozlaşdırılmasını pandemiyanın proqnozlaşdırılması ilə eyni tutmurlar. Nə qədər ki, virus və onun yoluxucu daşıyıcısı eyni anda eyni yerdə mövcud deyil, dramatik hadisələrin təhlükəsi o qədər də böyük deyil. Ancaq eyni zamanda, iqlimin istiləşməsi mövcud heyvan növlərinin həyatını dəyişəcək. Virusun ehtiyac duyduğu daşıyıcını dəyişə biləcəyi isə məlum deyil.

 

Alimlər vəziyyətin kritik olmadığına inandırmağa çalışsalar da, riskləri düzgün qiymətləndirmək üçün hələ də planetin mikrobiotik aləmini araşdırmağa çağırırlar. “Hazırda iki şey aydındır. Birincisi, Arktika sürətlə istiləşir və bəşəriyyət üçün əsas risklər onun iqlimimizə təsirindən qaynaqlanır. İkincisi, digər yerlərdən gələn xəstəliklər Arktikadakı həssas icmalara və ekosistemlərə nüfuz edir”, – deyə “The Guardian” alimlərin gəldiyi nəticələrə istinad edir.

 

Miraslan

 

Mənbə

Share: