Noyabrda sülh müqaviləsi imzalanacaq? – “Layihə artıq hazırdır”

Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanmasına dair danışıqlar yenindən bərpa olunur. Erməni mediasında yer alan xəbərlərə əsasən, bu ilin noyabr ayında – Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsinin ikinci ildönümü ərəfəsində sülh sazişinin imzalanması gözlənilir.

 

Hazırda bu istiqamətdə intensiv müzakirələrin getdiyi, sənədin mətnində tamamlanma işlərinin aparıldığı ehtimal olunur. Lakin Ermənistan tərəfinin sonadək sülhə sadiq qalıb-qalmayacağı sual doğurur.

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli İrəvanın sülh danışıqlarında səmimi olmadığını deyib. O bildirib ki, bölgədə sülhyaratma prosesini ləngitmə və indiyə qədər qət edilmiş yolun üstündən xətt çəkmə cəhdləri yarandıqca vəziyyət daha da ağırlaşır:

 

“Bu baxımdan Avropa İttifaqının sülhyaratma prosesinin sürətləndirilməsinə diqqət ayırmasını alqışlayıram. Oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü müsbət qiymətləndirirəm. Çünki, belə görüşlər sülhyaratma prosesinə implus verə bilər. Görüşdən sonra Ermənistan elan edib ki, yekun sülh müqaviləsinə dair layihə artıq hazırdır. Zənnimcə, bu layihə Azərbaycan tərəfində də hazırdır. Əlbəttə, problem çıxmasa, razılaşdırma məqamında müəyyən əngəllər yaranmasa, proseslər müsbətə doğru irəliləyə bilər. Hazırda Ermənistanın daxilində xaos elementləri var. Artıq qarşıdurma mərhələsinə son qoymaq və sülhə doğru addımlamaq zamanıdır”.

 

 

Q.Hüseynli hesab edir ki, danışıqların effektiv nəticə verməsi üçün Ermənistan ikiüzlü siyasətindən əl çəkməlidir:

 

“Baş nazir Nikol Paşinyan əvvəllər deyirdi ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində nizama salınmalıdır. İndi isə başqa sözlər eşidilməkdədir. Ermənistan tərəfi Qarabağdakı ermənilər haqqında mövqeyi barədə üstüörtülü eyhamlar vurur. Qarabağ ermənilərinin hüquq və azadlığına dair məsələlərin nəzərdən keçirilməsini tələb edir və bütün bunları öz layihələrinə salırlar. Xüsusilə də, Fransa və ABŞ-ın  ötürməsi ilə ifadələr sərtləşdirilir. ATƏT-in Minsk qrupu və Qarabağın statusu məsələləri gündəmə gətirilir. Belə olan halda orta məxrəcə gəlmək xeyli çətinləşə bilər. Ona görə də, Ermənistan sülhün təmin oluna bilməsi üçün ikili fikirlərdən uzaqlaşmalı və vahid mövqe tutmalıdır”.

 

 

Qabil Hüseynli onu da vurğulayıb ki, baş nazir Nikol Paşinyan bütün nazirliklərə, xüsusilə də hərbi qurumlara tam nəzarəti təmin edə bilməyib:

 

“Ona görə də, Qarabağ klanı, Daşnaksütyun partiyasının tör-töküntüləri müxtəlif nazirliklərdə, xüsusilə də hərbi nazirlikdə öz iradəsini yeritməyə çalışır. Bəzən buna nail ola bilirlər. Elə 12-14 sentyabr tarixlərində sərhəd atışmalarının səbəbkarı da bunlardır. Bunlar hər vasitə ilə vaxt udmağa, sülhyaratma prosesini uzatmağa və nəticə etibarilə Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Rusiyadan müəyyən qüvvələr də bunlara dəstək verir. Ancaq mən düşünürəm ki, Paşinyan sülh müqaviləsinin razılaşdırılmış variantını həyata keçirməklə hakimiyyətini möhkəmləndirə bilər. Bununla da bölgədə dayanıqlı sülhün yaranmasına nail ola bilər”.

Mənbə

Share: