ABŞ Konqresinin Nümayəndələr Palatasında yeni spiker üçün səsvermənin 14-cü turu keçirilib, nəticədə namizədlərdən heç biri yenidən lazımi səsləri toplaya bilməyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, yarışın ilkin favoriti respublikaçı Kevin Makkarti tələb olunan 218 səsdən 216-nı toplayaraq konqresmenlərdən ən böyük dəstəyi alıb. Onun əsas rəqibi demokrat Hakim Ceffreys 212 səs toplayıb. Qanunvericilər səsvermənin yeni turunun bazar ertəsi, yanvarın 9-na təyin edilib-edilməməsi məsələsini müzakirə edirlər.
Qeyd olunur ki, konqresmenlər palatanın yeni sədri seçilənə qədər and içə və vəzifələrinə başlaya bilməyəcəklər.
Daha əvvəl məlum olub ki, Makkarti ABŞ-ın 2023-cü il üçün müdafiə büdcəsini 75 milyard dollar azaltmaq imkanını müzakirə edir. Aydınlaşdırılır ki, büdcənin azaldılması sövdələşmənin tərkib hissəsidir və onun həyata keçirilməsindən sonra siyasətçi Nümayəndələr Palatasının spikeri postunu tutmalıdır.