Nyu-Dehlidə naməlum maskalılar universitetə hücum edib, azı 18 nəfər xəsarət alıb

Nyu-Dehlinin aparıcı universitetlərindən biri olan Cəvahirləl Nehru adına Universitetin düşərgəsinə maskalı naməlum şəxslərdən ibarət böyük bir qrupunun hücumu nəticəsində azı 18 nəfər ağır yaralanıb.

Bu barədə “The Times of India” qəzeti yazıb.

Üzləri bağlanmış, dəyənəklərlə silahlanmış 50-yə yaxın naməlum şəxsdən ibarət dəstə düşərgəyə soxulub. Cinayətkarlar avtomaşınları sındırıblar, tələbələr və müəllimləri döyüblər. Bu hərəkətin arxasında konkret kimin dayandığı hələ məlum deyil. Hücuma məruz qalan universitetin tələbələrinin ehtimalına görə, hücum edənlər sağçı gənclər təşkilatlarının üzvləridir. Belə ki, Cəvahirləl Nehru adına Universitet Nyu-Dehlidə solçu tələbələrin dayağı sayılır.

Polis hadisənin səbəbləri ilə əlaqədar istintaq araşdırmalarına başlayıb. Məlumata görə, cinayətkarların ələ keçirilməsi üçün universitetin şəhərciyində axtarış aparılır.

Share: