“O deyirdi ki, kişi efirdə özünü kişi, qadın isə qadın kimi aparmalıdır…”

“Yaxşı olardı ki, gənc aparıcılar efirə çıxmazdan əvvəl bunu bizlərdən zəng edib soruşsunlar”

 

“Biz köhnə diktorlar tez-tez yığışırıq. Heç olmasa ayda 1 dəfə bu görüş olur. Həftədə heç olmasa 1 dəfə telefonla danışırıq. Çox mehriban kollektiv olmuşuq, bu gün də doğma bacılarıq. Ötən günləri yada salırıq. Diktor dostumuz, rəhmətlik Rafiq Hüseynli deyirdi ki, “əgər insan efirdə uğur qazanmaq istəyirsə, o çalışmamalıdır özünü sevdirsin. Necə varsansa elə olmalısan”. O həqiqətən də çox doğru deyirdi. Tamaşaçı səmimi insanla qeyri-səmimi insanı elə gözəl seçir ki. O bir də deyirdi ki, “kişi özünü efirdə kişi, qadın isə qadın kimi aparmalıdır”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib. O, daha sonra əlavə edib.

“Gənc nəsildən tez-tez danışırlar. Mən gənclərə dərs deyirəm deyə onları bir o qədər də tənqid edə bilmərəm. Gəncləri çox sevirəm. Gənc, bu sahəyə yeni başlayan aparıcılardan xahişim odur ki, etdiklərini etsinlər, bacarmadıqlarını etməsinlər, çünki tamaşaçılar əsəbləşir. Bu gün yaşlı nəslin nümayəndələri deyir ki, “mən bizim kanallara baxmıram”. Amma bizim ixtiyarımız yoxdur ki, kanallarımıza baxmayaq. İşim-gücü olsa da gündə ən azı 2 saat kanallarımıza vaxt ayırıram. Mütləq baxıram ki, sabah tamaşaçı məndən nəsə soruşanda cavablandıra bilim. İzləyirəm, qeydlərimi edirəm. Yaxşı olar ki gənc aparıcılarımız şübhələndikləri məqamları zəng edib biz diktorlardan soruşsunlar. Biz buna görə çox şad olarıq. Bu gün maşallah onlar üçün bütün imkanlar yaradılıb. Maşallah parıldayan, gözəl geyimlərdə efirlərə çıxırlar. O vaxt ildə 2 dəfə bizim üçün geyim tikirdilər. Bir dənə kostyum, bir şalvar, bir dənə də paltar. Sən məzuniyyətə gedəndə, yaxud da işdən çıxanda o paltarları təhvil verməli idin. Təbii ki, o paltarla, kostyumla sən il boyu efirə çıxa bilməzdin” deyə o bildirib.

 

Şərqiyyə Hüseynova bildirib ki, bəzi səhvləri gənclərə keçmək olar.

“Bir də görürsən bir maraqlı jurnalist, elə bir maraqlı reportajla efirə çıxır ki, mən onun vurğularını səhv deməsini, dil qüsurlarını ona keçirəm, bağışlayıram. İndi o dövr deyil ki, vurğulara görə kimisə efirə qoymasınlar, efirdən uzaqlaşdırsınlar. Biz evdə öz yaxınlarımıza, nəvələrimizə necə hərdən-birdən səhvləri keçiriksə, tamaşaçılarımız da öz övladları üçün keçir, aparıcı üçün niyə keçmirlər? Tamaşaçılar bilsin ki, indiki aparıcıların, müxbirlərin, operatorların işi çox ağırdır. Bu gün həyatın ritmi dəyişib. O vaxt efirdə də, telefonda da, kiminləsə söhbət edəndə də aramla danışırdıq. Amma bu gün kimsə mənə zəng edib, söz soruşanda deyirəm ki, “tez ol, sözünü de, vaxtımı alma”. Halbuki vaxtilə mən də aramla danışırdım” deyə o bildirib.

Mənbə

Share: