“O vaxt ulduz xəstəliyi yox idi, indi də çox sadə insanlar tanıyıram ki…”

“İnsan özü-özünə qiymət verəndə qiymətdən düşür”

“Biz tamam başqa bir mühitdə böyümüşük. O vaxtı ulduz xəstəliyi yox idi. İndi də çox sadə insanlar tanıyıram ki, nə qədər çəkilsələr də, üzdə olsalar da bir o qədər də sadədirlər. Mən hesab edirəm ki, insanın ən gözəl cəhətlərindən biri onun sadə olmasıdır. Nə qədər o sadə, başıaşağı olsa, ona başqaları qiymət verəcək. İnsan özü-özünə qiymət verəndə qiymətdən düşür”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib. O, daha sonra əlavə edib.

“Etiraf edim ki, bəzən gənclik illərimdə o adamlara həsəd aparmışam ki, olduqlarından da yüksək özlərini göstərməyə çalışıblar. Buna müəyyən mənada nail olublar. Elə adamları mən tanıyıram. Mən olduğum kimiyəm, heç vaxt dəyişmək istəməmişəm, çünki bu mənə ziyan gətirmir. Belə olmağımla sanki insanları səmimi olmağa sövq edirəm. Vaxtilə Leyla Bədirbəyli bizlərə deyirdi ki, ağac nə qədər bar versə başını o qədər aşağı əyər. Sadəlik məncə gözəllikdir, hər bir insanın yaraşığıdır” deyə sənətkar bildirib.

Xalq artisti hazırda rol aldığı “Ata ocağı” serialından da danışıb.

“Serial kollektiv işdir. Hamı bir-biri ilə əl-ələ verib işləməlidir. Belə olanda nəticəsi də olur. 3 il “Bir ailəm var” serialında çəkilmişəm. Çox maraqlı və baxımlı idi, tamaşaçılar tərəfindən sevilib. İndi də həmin serialı çəkən rejissor Rüfət Şahbazov “Ata ocağı”-nı çəkir. Bu serial da böyük tamaşaçı kütləsi qazanıb. Vaxtımın çoxunu həmin seriala ayırmışam. Gənclər, uşaqlar məni görən kimi “Şəfiqə xala”, “Şəfiqə nənə” deyə müraciət edirlər. İstedadlı rejissorlarımız var, amma çox az rejissorlar onları üzə çıxarır. Rejissor deyir ki, aktyor istedadsızdır, aktyor deyir ki, rejissor film çəkə bilmir” deyə o bildirib.

Aktrisa vaxtını bölüşdürə bilmədiyini də bildirib.

“Neçədə hazırlaşıb, evdən çıxmağımdan asılı olmayaraq sonda bir problem çıxır. Ya o anda rəfiqəm zəng edib, öz problemini mənimlə telefonda həll etməlidir. Mən ondan keçə bilmirəm. Görürəm ki, çox danışır, deyirəm ki, gecikirəm, saat 2 də verilişdə olmalıyam. Mütləq bir hadisə baş verir. Hadisələr görünür məni çox sevir” deyə xalq artisti bildirib.

Mənbə

Share: