Ödənməmiş cəriməyə görə sizi yol polisi saxlaya bilərmi? – QAYDALAR

Sürücülər bunu bilməlidir

Sürücülərin tez-tez şikayət etdiyi məsələlərdən biri də ödənməmiş cəriməyə görə yol polisi tərəfindən saxlanan zaman avtomobilin cərimə meydançasına aparılması məsələsidir. Sürücülər çox zaman cərimədən xəbərdar olmadıqlarını əsas gətirirlər. Həmçinin əlavə vaxt itkisinə səbəb olan bu prosesdən narazılıq edirlər.

Bəs görəsən cərimə olarsa avtomobil mütləq şəkildə cərimə meydançasına getməlidirmi?

Əvvala onu qeyd edək ki, cərimələrdən xəbərdar olmaq üçün ölkədə bir neçə sistem var. Bunlardan ən böyüyü “AsanPay” xidmətidir. Sadəcə, qeydiyyatdan keçməklə cərimələrdən vaxtında xəbərdar olmaq, eyni zamanda onlayn şəkildə cəriməni ödəmək mümkündür. Bu, həm də sizə istənilən anda, istənilən yerdə telefon vasitəsilə cəriməni ödəmək imkanı yaradır.

Hüquqşünas Ərşad Hüseynov “MediaPost”a bildirib ki, əgər sürücü barəsində cərimə tətbiq edilməsi barədə qərar varsa və bu, ona rəsmi şəkildə çatdırılıbsa, proses bundan sonra başlaya bilər:

“Qərarın qüvvəyə minməsi, üzərindən iki aydan çox vaxt keçməsi halları, eyni zamanda nəqliyyat vasitəsinin saxlanılaraq duracağa qoyulması barədə rəsmi qərarın olması zəruridir. Məhz bundan sonra yol polisi sürücünü saxlaya bilər. Amma sürücü cəriməni yerində ödəyə bilirsə, o zaman avtomobil duracağa aparılmır. Sürücü cəriməni yerində ödəyə bilmədikdə, hər hansı digər mübahisəli hallar olduqda isə avtomobil yol polisi tərəfindən duracaqla təmin oluna bilər”.

Hüquqşünas bildirib ki, qanunvericilikdə cərimənin ödətdirilməsi üçün polis postlarının qurulması, nəzərdə tutulmayıb. “Yəni bir neçə patrul avtomobilin bir yerdə dayanaraq reyd keçirməsi, qanunvericilikdə yoxdur. Sadəcə, YPX əməkdaşları gündəlik xidmətləri zamanı bu cür hallarla qarşılaşdıqda cərimənin ödənməsini təmin etməlidirlər. Bunun üçün xüsusi postların yaradılması, bir neçə patrul avtomobilin bu işə cəlb olunması, bütün günü bununla məşğul olması, yol patrul xidmətindən səmərəsiz istifadədir.”

Share: