Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları yenə də xüsusi çəkiyə malikdir. Respublika əhəmiyyətli yollar arasında xüsusi əhəmiyyətə malik Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması bunun bariz nümunəsidir.
Hələ ötən əsrin 70-ci illərində inşa edilən sözügedən yolun Qaraməryəm-İsmayıllı və Qəbələ-Oğuz hissəsinin fasilələrlə yenidən qurulması işləri həyata keçirilib. Yolun 38,1 kilometr uzunluğa malik Oğuz-Şəki hissəsi isə uzun müddətdir əsaslı şəkildə yenidən qurulmadan istismardadır. Bura 3,4 kilometrlik Oğuz və 3,2 kilometrlik Şəki şəhərlərinə giriş yolları da daxildir. Bu səbəbdən sözügedən yolboyu rahat və maneəsiz hərəkətin təmin edilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a bildirilib ki, Oğuz-Şəki avtomobil yolunun 31,5 kilometrlik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Bunun üçün yolboyu genişləndirmə işləri aparılaraq yolun hərəkət hissəsinin eni 9 metrə çatdırılır.
Yenidənqurma işlər zamanı yolun köhnə örtüyü sökülür, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri görülür, lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Sözügedən işlərin icrası ilə yol yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.
Bundan başqa, zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılır, su keçidləri inşa edilir. Həmçinin Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni ötürücünün inşasına başlanılıb. Yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla uzunluğu 15 metr, eni isə 13 metr olacaq.
Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yolboyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görülən işlərdəndir.
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9,1 kilometr uzunluğa malik Şəki dairəvi yolunun da (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri işləri aparılır. Şəki dairəvi yolunun 6 kilometrlik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3,1 kilometrlik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır. 3,4 kilometrlik Oğuz və 3,2 kilometrlik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.
Təbii ki, yenidənqurma işlərinin sonunda yolboyu zəruri olan yerlərdə yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
Əsaslı şəkildə yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirir. Bu səbəbdən layihənin icrası ilk növbədə Oğuz və Şəki şəhərlərinin, həmçinin yolboyu yerləşən kəndlərdə yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, onların respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki, Muğanlı-İsmayıllı, Şəki-Qax, həmçinin Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına çıxışına imkan yaratmaqla sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir göstərəcək.