Parisin Sena çayında motorlu gəmilərin sahibləri Olimpiya Oyunları zamanı naviqasiya qadağası səbəbindən gəlirlərindən məhrum olublar.
Milletinsesi.az publika.az-a istinadən xəbər verir ki, çay üzərində baş tutacaq Olimpiadanın açılış mərasiminə hazırlıqla əlaqədar iyulun 27-dək Sena üzərində hərəkət dayandırılıb.
Paris Liman İcmasının rəhbəri Olivye Jamet qeyd edib ki, oyunların keçirilmə vaxtı çay səfərlərinə ən çox tələbat olan dövrə təsadüf edir. Onun sözlərinə görə, dövlət itkiləri kompensasiya edəcəyinə söz verib:
“Bizə təzminat vəd ediblər, lakin bunu yalnız yarışdan sonra hesablaya biləcəklər. Hüquq normalarına görə, zərər əvvəlcə qeydə alınmalıdır. Ümid edirik ki, layiqli təzminat alacağıq”.
Qayıqçılar yalnız Olimpiadanın açılış mərasiminə bir həftə qalmış deyil, Sena çayında triatlon yarışlarının (30-31 iyul və 5 avqust) və açıq suda üzgüçülüyün (8 və 9 avqust) keçiriləcəyi günləri də qurban verməli olacaqlar.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Heybət