Avqustun 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasının Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda çıxış edən Baş nazir Əli Əsədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan demək olar ki, bütün ölkələrlə sıx ikitərəfli əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.
Diqqətə çatdırıldı ki, məhz bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan əməkdaşlıq uzunmüddətli sülhün, sabitliyin və davamlı inkişafın əsas təminatçısıdır.
Azərbaycanın regional və qlobal miqyasda əməkdaşlığın və sülhün təmin edilməsinə, sabit təhlükəsizlik sisteminin formalaşmasına yönəlmiş strateji kursun həyata keçirdiyi vurğulandı. “Bu kontekstdə ölkəmiz Avrasiya regionunda sülhü və dialoqu təşviq edir, əməkdaşlığın inkişafına dəyərli töhfələr verir”, – deyə Baş nazir bildirdi.
Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak etdiyi qeyd edildi.
İclas iştirakçılarının diqqətini Azərbaycanın iqtisadi inkişafına yönəldən Baş nazir Əli Əsədov qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, 2022-ci ilin ilk altı ayında ölkəmizdə yaxşı iqtisadi artım templərinin qeydə alındığını bildirdi.
Belə ki, cari ilin 6 ayı ərzində iqtisadi artım 6,2% təşkil edib. Qeyri-neft iqtisadiyyatı 9,6% artıb. Xarici ticarət də xeyli artıb – 70%-dən çox. Azərbaycan məhsullarının ixracı iki dəfədən çox, qeyri-neft ixracı isə 25 faiz artıb.
Bildirildi ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin yaradılması üzrə mühüm layihələrin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərmayə qoyub və bunu etməkdə davam edir.
Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi bir sıra layihələrdə mühüm halqa olduğu vurğulanıb. “Ölkəmizin ərazisindən keçən müxtəlif marşrutlar üzrə yükdaşımaların hər il yüksəldiyini müşahidə edirik. Təkcə cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 faizdən çox artıb. Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanından daşınan tranzit yüklərin həcmi artmaqdadır. Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük daşımağa imkan verir. Bununla belə, yük daşımalarının artması və bununla bağlı proqnozlar onun buraxılış qabiliyyətinin artırılmasını tələb edir. Bunu nəzərə alaraq biz limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilməsi üzrə ikinci fazanın əsasını qoyduq”, – deyə Ə.Əsədov bildirdi.
Diqqətə çatdırılıb ki, Azərbaycan bundan sonra da Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşlarının ölkənin tranzit potensialından istifadə edə bilməsi üçün hər cür şərait yaratmağa hazırdır.
Ölkələri və qitələri birləşdirən nəqliyyat layihələri çərçivəsində əməkdaşlığın bütün Avrasiya məkanında sabit, firavan, ləyaqətli və proqnozlaşdırıla bilən gələcəyə töhfə verəcəyinə əminlik ifadə olundu.
“Bu tezis regionda yaranmış yeni reallıqlarla daha da möhkəmlənir ki, bu da nəqliyyat kommunikasiyalarının, eləcə də yeni nəqliyyat və ticarət yollarının açılması üçün yaxşı imkanlar yaradır”, – deyə Baş nazir əlavə etdi.