
“Prezident İlham Əliyevin iştirakı ilə dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimi keçirildi. Bu hadisə Azərbaycanın neft strategiyasının, enerji siyasətinin uğurlarıdır. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. “Əsrin müqaviləsi” ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı. Enerji layihələri Azərbaycanı etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevirdi. “Əsrin müqaviləsi”nin töhfəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə regionda enerji marşrutlarının şaxələndirilməsi ideyasını da məhz Azərbaycan reallaşdırdı. Daha sonra “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin çəkilməsi, ardınca Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi də bu istiqamətin davamı oldu. Enerji marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi hədəflərin Azərbaycanda necə uzaqgörənliklə proqnozlaşdırıldığı müasir dünyamızın reallıqlarında öz təsdiqini tapdı.
Komitə üzvünün sözlərinə görə, belə bir strategiya ölkəmizin qlobal enerji bazarında mühüm oyunçulardan birinə çevrilməsinə imkan verib. Bu gün dünyadakı mürəkkəb proseslər fonunda Avropanın enerji bazarında hökm sürən qeyri-müəyyənlik də Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, etibarlı enerji mənbəyi statusunu da gücləndirib. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropanın əsas tərəfdaşlarından birinə çevrilib.-deyə Fatma Yıldırım vurğulayıb.