Prezident İlham Əliyev artıq dəfələrlə gənclərə necə böyük dəyər verdiyini və onların ölkənin ictimai-siyasi həyatında mühüm rol oynaması üçün hər cür şərait yaratdığını sübut edib.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 2 Fevral – Gənclər Günü ilə bağlı çıxışını şərh edərkən deyib.
Millət vəkili vurğulayıb ki, cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin bütün ənənəsinə sahib çıxan və onu qoruyub-inkişaf etdirən bir şəxsdir:
“Ümummilli lider Heydər Əliyevin gənclərin yüksək hazırlıqlı peşəkar kimi yetişməsində oynadığı rol misilsizdir. İlk dəfə Heydər Əliyev kütləvi şəkildə gənclərin SSRİ-nin ən nüfuzlu universitetlərində təhsil almasına yol açdı və həmin gənclər sonradan ölkəmizin inkişafına öz töhfələrini verdilər.
Prezident İlham Əliyev də gənclərin yüksək təhsilə yiyələnməsi, müasir tələblərə uyğun yetişməsi üçün bir neçə dövlət proqramı qəbul edib. Prezident gənclərlə görüşündə bir daha bu məsələyə toxundu və bildirdi ki, yeni dövlət proqramı ilə hər il 400-ə yaxın gəncin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alması təmin ediləcək”.
Millət vəkili Prezident İlham Əliyevin gənclərə böyük inamını da yada salıb:
“Bu inamı biz 44 günlük Vətən müharibəsində növbəti dəfə müşahidə etdik. Prezident dəfələrlə vurğualyıb ki, Qarabağı görməyənlər Qarabağ uğrunda ölümə getdilər. Bu, həmin gənclərin vətənpərvər, milli ruhda yetişməsinin nəticəsidir və cənab Prezidentimiz haqlı olaraq bu məsələni xüsusi olaraq qabardır. Bəli, 2003-cü ildə – İlham Əliyev ilk dəfə prezident seçiləndə orta məktəbin birinci sinfinə gedənlər və yaxud daha aşağı yaşda olan uşaqların hərb sənətinə meyillənməsi, yüksək peşəkar zabitlər kimi yetişməsi və məhz vətənpərvər olmalarının səbəbləri dövlətin doğru siyasətidir. Bu, Azərbaycanın, belə demək mümkünsə, gənclər siyasətidir, Vətənin təkcə gələcəyi onlardan asılı deyil, bugünündə də onların böyük payı var və bu gənclər Vətənimizin bütövlüyü naminə savaşda göstərdikləri qəhrəmanlıqlarla Prezidentimizin ümidlərini doğrultdular, millətimizin qürurunun özünə qaytarılmasında aparıcı qüvvə oldular”.
Cənab Prezident İlham Əliyevin hər zaman gənclərə arxalandığını bildirən millət vəkili bunun ictimai-siyasi həyatda, kadr islahatlarında da özünü göstərdiyini deyib:
“Diqqət edirsinizsə, Prezidentimiz məhz özünün yetişdirdiyi gənclərin hazırda yüksək vəzifələrə irəli çəkilməsinə birbaşa nəzarət edir. O gənclərin hamısı dünyanın ən nüfuzlu universitetlərində təhsil alıblar, Avropa dəyərlərini mənimsəyiblər, yeni yanaşmalardan çıxış edirlər. Cənab Prezident hazırda onların dövlət təcrübəsi qazanmasını da istəyir və onların üzərinə böyük məsuliyyət qoyur. Paralel olaraq gənclərin sağlam, pis vərdişlərdən uzaq olması üçün idmana müstəsna qayğı göstərir.
Bir xüsusi məqamı vurğulayım ki, cənab Prezident İlham Əliyev bütün bunlarda özü nümunədir: hər kəs İlham Əliyevin necə vətənpərvər, Vətəni üçün hər şeyi etməyə qadir olduğunu da gördü, onun Vətən adına necə həssas yanaşdığını da. Xatırlayırsınızsa, Prezidentimiz işğaldan azad edilən ərazilərə gedəndə “Ey Vətən” mahnısının sədalarından ayrıla bilmirdi, Şuşadakı çıxışlarında torpağa, Vətənə necə bağlı olduğu açıq-aydın görünürdü.
Digər tərəfdən, Prezident İlham Əliyevin gənclik enerjisi ilə idmanla məşğul olduğunu dəfələrlə ekranladan gənclər müşahidə ediblər.
Prezidentimizin bir neçə xarici dili yüksək səviyyədə bilməsi, xarici kanallara verdiyi müsahibədə ona opponentlik etməyə çalışan məşhur jurnalistlərin belə “qarşımızda olduqca hazırlıqlı lider görürük” deyə etirafları… – bütün bunların hamısı nümunədir. Prezidentimiz yüksək dünyagörüşü, biliyi, Vətən sevgisi, ailə dəyərlərinə, milli dəyərlərə sahib çıxması, fiziki baxımdan daim hazırlıqlı olması və s. ilə özü bir nümunə, örnəkdir.
Yəni cənab Prezidentimiz yalnız dövlət qayğısı və müxtəlif sahələrdə dəstəyi ilə deyil, öz timsalında nümunə, meyar yaratmaqla gənclərimizin mayakı rolunu oynayır”.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev yaşam tərzi ilə, davranışları, milli baxışları, dövlətçilik baxışları ilə böyük bir məktəbdir:
“Məhz gənclərimizin özgüvəndə olması, özlərinə inanmaları və daxili potensiallarını cəsarətlə ortaya qoymaları üçün ölkəmizdə hər cür şərait yaradılıb və bunun meyarı cənab Prezidentdir.
Prezidentimizin gənclərə inamı nəticəsini verir və inanıram ki, bundan sonra da Azərbaycanın ictimai-siyasə həyatında gənclərimizin səsini daha ucalardan eşidəcəyik”.