“Onlara dedim ki, sizə görə mən öz imicimi pozub, saçımı qırxdırmayacam…”

 

“Yenilikləri o vaxt birmənalı qarşılamırdılar. Mənə qarşı o qədər təzyiqlər olub ki. Heç yadımdan çıxmaz. Bir dəfə dedilər ki, səni dövlət konsertinə salırıq, get saçlarını qırxdır, kostyum geyin. Dedim ki, kostyum geyinə bilərəm, amma sizə görə mən öz imicimi pozub, saçımı qırxdıra bilmərəm. Mən o konsertdən imtina etdim, gedib oxumadım. Sonra gördülər ki, xalq bu imicimi sevir, qəbul edir. Deyirdilər ki, necə varsansa, elə də gəl. Cins şalvarı səhnəyə ilk mən gətirmişəm. “Röya” ansamblını yaradanda onlara xüsusi geyim hazırlatdım, tamaşaçılarla sıx ünsiyyətdə olduq, sərbəstliyi səhnəyə gətirdim”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib.

 

 

“Mən görün dövrü nə qədər öncədən qabaqlamışam. Sonralar o geyimlər yavaş-yavaş ölkəmizə gəldi, dəb oldu. Mən bütün rok qruplarına, xarici müğənnilərin geyimlərinə baxırdım. Elə hey düşünürdüm, bir şey etməliyəm ki, fərqlənim. “Röya” ansamblını yaratdım. Məndən sonra digər türk ölkələrində “Yalla” yarandı. Hər ay 3 gün konsert verirdik. Filarmoniya, Yaşıl teatr adamlarla dolurdu. Mən xarici musiqi alətlərinin ritmlərini öz milli musiqimizə gətirdim, milliləşdirdim. İndi də fikirləşirəm ki, Allaha qurban olum, bu mənim ağlıma necə gəlib?! Allah verən şeyi sənin əlindən heç kim ala bilməz. Bir dəfə “Röya” mahnısını oxuyurdum. Biri qalxdı ayağa ki, bu nədir oxuyursan?! 2-3 adam ayağa durdu ki, onun üstünə getsin. Dedim ki, dayanın. Onun üçün bir muğam oxudum. Dedi ki, səsinə qurban olum. Ona dedim ki, sənin mahnın budur. Mən hər nəsli nəzərə alıb, mahnı oxuyurdum”, – deyə sənətkar bildirib.

 

Xalq artisti müasir sənətdən də danışıb.

“Dövrümün ən bahalı toylarına gedən 3-4 müğənnisindən biri olmuşam. 17 yaşımdan el şənliklərinə gedirdim. Bu gün toy bazarı sənətdən üstündür. Toy da lazımdır, mən özüm də dəvət alıram, amma heç vaxt onu konsertdən, sənətdən üstün tutmamışam. Bəzən görürəm ki, efirlərdə sənəti olmayanı elə bəh-bəhlə tərifləyirlər ki. Az qalır ona sənətkar desinlər. Deyirlər də. Məncə bunlar lazım deyil. Əksər gənclərimiz gözəl mahnılar oxuyur. Hərənin özünə görə ifa tərzi var. Bəsit mahnılar gəldi-gedərdi. Zamanla onlar da sıradan çıxacaq”, -deyə sənətkar bildirib.

Mənbə

Share: