İlqar Vəlizadə: “Fransa da onları məhz buna hazırlayır”
“Ermənistanın ən yaxşı bacardığı şey forpost ölkə olmaqdır. Franmsa da onalrı məhz buna hazırlayır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, Fransa prezidentinin ordu qarşısındakı çıxışı və bu çıxışda Ermənistanla bağlı səsləndirdiyi fikirlər ermənilərin özü üçün yaxşı heç nə vəd etmir:
“Makron hökumətinin Ermənistan verdiyi dəstəyin arxasında heç şübhəsiz Fransanın maraqları dayanır və Paris bölgədə məhz bu maraqları müdafiə etməyə, genişləndirməyə cəhd edir. Sadəcə, bunu Ermənistana dəstək adı ilə həyata keçirir.
Görünən odur ki, Fransa Ermənistanı öz forpostuna çevirməyə hazırlaşır. Forpost ölkə üçün isə xarakterik əsas məqam ondan ibarətdir ki, onun istəkləri ilə heç kim maraqlanmır. Atılması gərəkən hər bir addıma forpostu idarə edən dövlət qərar verir.
Bundan başqa, forpostu nüfuzlu, güclü dövltələrə qarşı yaradırlar. Indiki halda bu dövlətlər Azərbaycan və Türkiyədir. Fransa Ermənistan vasitəsi ilə bu iki dövlətin regiondakı mövqeyini zəiflətməyə çalışır. Lakin bu, heç bir nəticə verməyəcək. Necə ki, vaxtiylə Ermənistandan forpost ölkə kimi istifadə edən Rusiyanın maraqları təmin olunmadı.
Hesab edirəm ki, Paşinyanın mövcud siyasəti, Ermənistanın Fransanın forpostuna çevrilməsi bu ölkəni daha da zəiflədəcək, onu daha hüquqsuz və acınacaqlı hala salacaq”.
Seymur ƏLİYEV