Onu hansı maraq bölgəyə gətirib?

Qafqazda daha bir sülhməramlı var. Kanada Ermənistan ərazisində Aİ/EUMA monitorinq missiyasının işinə qoşulmaq qərarına gəlib. Avropa Şurasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi dərhal Ottavanın qərarını bəyəndiyini bildirib. Onu “əhəmiyyətli” adlandırıb.

 

Bunu rusiyalı politoloq Sergey Markedonov özünün “Telegram” kanalında yazıb.

 

O qeyd edib: “Ermənistan Xarici İşlər Nazirliyi kanadalı diplomatların hərəkətlərini alqışlayıb. Azərbaycan öz qiymətləndirmələrində müəyyən təmkin nümayiş etdirib, baxmayaraq ki, ümumən Bakıda Avropa missiyasının açılmasına bədbin yanaşırlar (və hələ də münasibət belədir). Moskva təmsilçiləri Ottavanın ünvanına sərt tənqidlərlə çıxış ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, EUMA Ermənistan-Azərbaycan münaqişəsinin deyil, geosiyasi problemlərin həllinə (Rusiyanın Qafqaz regionundan sıxışdırılması) diqqət yetirir.

 

O, həmçinin bildirib ki, Kanadanın Aİ missiyasının işinə qoşulması “vahid Avropa”nın ABŞ və NATO-dan artan asılılığını əks etdirir. Kanada sülhməramlılarının effektivliyi və obyektivliyinə də şübhələr ifadə olunub.

 

Ottava Qafqaza və Ermənistanla Azərbaycan arasında münaqişənin qlobal həlli prosesinə ilk dəfə maraq göstərmir. Bir il əvvəl Kanada hökuməti İrəvanda səfirlik açmaq qərarına gəlib. Daha sonra bu ölkənin xarici işlər naziri Melani Joli bildirib ki, bu addım “iki ölkə arasında əlaqələri gücləndirəcək və Kanada tərəfdən Ermənistanda demokratiyaya dəstəyi artıracaq”.

 

Bu, Ottavanın Qafqaz regionunu fəal şəkildə mənimsəməsi mənası verirmi?

 

Çox güman ki, məsələ onda deyil ki, Kanada Arktika gündəminə qarışdıqdan sonra birdən-birə Qafqazın yeni aparıcı aktyoruna çevriləcək. Əvvəllər bu ölkənin konsulluğu Gürcüstanda fəaliyyət göstərirdi, amma reallıqda Gürcüstan-Kanada münasibətləri NATO-nun ümumi gündəliyi ətrafında cəmlənmişdi.

 

Çox güman ki, Aİ missiyasına qoşulmaq qərarı qeyri-avropalı müttəfiqdən, bir növ, siqnaldır: biz sizinləyik, münaqişənin həlli istiqamətində səyləriniz tam dəstəyimizi tapacaq.

 

Təbii ki, Ottavanın Ukraynaya marağı da nəzərə alınmalıdır. Kanadada (yaşayan ukraynalıların sayına görə dünyanın üçüncü dövləti) Ukrayna diasporunun oynadığı xüsusi rola görə, bu ölkənin hökuməti Kiyevi dəstəkləməkdə həmişə “kollektiv Qərb”in önündə olub. Əgər Amerika və avropalı müttəfiqlər Moskvanın bu gün Cənubi Qafqazda eksklüziv moderator olmaq hüququnu itirdiyinə inanırlarsa, Kanada bu qavrayışa qızğın dəstək verəcək.

 

Kanadalıların sülh prosesinə töhfəsini qiymətləndirməmək olmaz. Daha doğrusu, söhbət siyasi simvolizmdən gedir. Konkret hal onu göstərir ki, Qərb ilk fürsətdə öz birliyini, siyasi və diplomatik səfərbərlik üçün resurslarını nümayiş etdirməyə çalışır”.(Yenisabah.az)

Mənbə

Share: