“Sənətkar boş oturmamalıdır. İşləməlidir, rol üzərində çalışmalıdır, film və seriallarda çəkilməlidir. Mən işdən yox, işsizlikdən yoruluram. Maraqlı əsərlər, senarilər yazılmalıdır. Mənim üçün obraz sənətimdə iz buraxmalıdır. Oynamaq xatirinə oynaya bilmərəm. Hər roldan gərək aktyor inkişaf etsin. Hər roldan nəsə götürmək lazımdır. Bütün rollarıma o qədər ürəkdən yanaşıram ki, o mənə doğma olmasa oynaya bilmərəm. Mən onu içimdən keçirirəm, o ruhumla birləşməlidir” Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Hicran Nəsirova deyib.
“Bizim problemlərimizin tamaşaçıya heç bir aidiyyatı yoxdur. Kamal Xudaverdiyev anası ölən günü gəlib tamaşa oynadı. Hələ heç dəfn də etməmişdilər. “Aydın” tamaşasını məşq edəndə atam rəhmətə getdi. Atamın ölüm xəbərini eşidəndə huşumu itirmişdim. Canlı meyit idim. İçim qan ağlayırdı. Məşqləri edə bilmirdim. Rəhmətlik Mikayıl Mirzə bir az dözdü, elə sözlər deyirdi ki, özümü ələ alırdım. Son məşqlərdə dedi ki, Hicran toparlan. Şaqqanaq çəkib gülməliyəm, amma içim qan ağlayırdı. Mikayıl Mirzənin sayəsində bunu bacardım. Bu tamaşada onun mənim üstümdə əziyyəti çox oldu. “Boy çiçəyi” tamaşasının premyerasında o qədər xəstə idim ki, elə bilirdim bu dəqiqə öləcəm. Amma tamaşanı təhvil verdim, heç kim də başa düşmədi xəstəliyimi” deyə sənətkar bildirib.
Hicran Nəsirova bildirib ki, teatr tamaşaçı problemi yaşamır.
“Kim deyirsə teatrlarda tamaşaçı yoxdur yalandır. Başqa teatrları deyə bilmərəm, amma bizim teatrımızın tamaşaçıları çoxdur. Bəzən yolda tamaşaçılar məni görür, deyirlər ki, sizin tamaşanıza 10-cu dəfədir bilet alıb gəlirik. Tamaşalarım hər zaman anşlaqla keçib. Hələ o vaxt “Aydın”, “Fərhad və Şirin” tamaşalarına öz ailəm üçün bilet götürə bilməmişdim. Zalı elə dolu görəndə biz də həvəslə oynayırıq” deyə sənətkar bildirib.