“Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir və bu qərar dövlət, baş nazir tərəfindən verilir”.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O əlavə edib ki, hər bir şəxsin istər həkim, istərsə də adi vətəndaşların karantin qaydalarına riayət etməsi lazımdır: “Mən buna sadəcə bir həkim olaraq öz fikrimi bildirə bilərəm. Başqa tərəfdən bu proseslərin qiymətləndirilməsi adiyyətli orqanlar tərəfindən aparılır”.
Qeyd edək ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Mərasim Novxanıda bağ evində baş tutub və görüntülərdə Ramiz Mehdiyev də yer alıb.
Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib. (Baku.ws)