Saglamolun.az zikr.az-a istinadla orucu pozan və pozmayan amilləri sizə təqdim edir.
Orucu pozan amillər aşağıdakılardır:
1) Yemək və içmək.
2) Cinsi əlaqə.
3) Bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər.
4) Özünü qusdurmaq.
5) Qadınlarda heyz (aybaşı) və nifas (doğuşdan sonra 40 gün ərzində davamlı gələn qan) qanı.
6) Şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək.
Unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu düzgün sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır”. (İbn Məcəh). Buna bilmədən yemək də daxildir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Kim oruclu olarkən unudaraq yeyər və ya içərsə orucunu davam etdirsin. Həqiqətən Allah onu yedizdirib, içizdirmişdir”. (əl-Buxari, 1923).
Yuxarıda qeyd olunanlardan – cinsi əlaqə müstəsna olmaqla – hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir.
Öpmək orucu pozmur. Aişə (radıyəllahu anhə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) oruclu ola-ola zövcələrini öpərdi. (İmam Əhməd).
Dişlərin dibindən, burundan, boğazdan az miqdarda çıxan qanı udmaq orucu pozmur. Bunu məcburi halda qalıb və yaxud bilməyərəkdən etdikdə də pozulmur, amma bilərəkdən çox miqdarda qanı udmaq orucu pozur.
Tüpürcəyi və bəlğəmi udmaq orucu pozmur.
Analiz üçün qan vermək orucu pozmur.
Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur, amma gərək iynə, bədəni qüvvətləndirən iynə olmasın.
Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozmur. Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozmur. Amir ibn Rabiyə (radıyəllahu anhu) belə deyir: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) oruclu ola-ola misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm”. (əl-Buxari).
Diş məcunundan onu udmamaq şərti ilə istifadə etmək olar.
Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək olar.
Oruclu ikən sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olar.
Oruclu ola-ola hamamda, hovuzda və yaxud da dənizdə çimmək olar.
Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozmur.
Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuq altında və qasıqda olan tükləri qırxmaq orucu pozmur.