Son müddət ərzində Azərbaycan-İran dövlət sərhədində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınmış, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
DSX-dan Milletinsesi.az-a verilən məlumata görə, bu nəticələr dövlət sərhədinin fiziki və texniki yolla mühafizəsinin təkmilləşdirilməsi, bilavasitə dövlət sərhəd xəttində müasir müşahidə və aşkaretmə avadanlıqlarının tətbiqi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, İran İslam Respublikasının sərhəd qoşunları ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi sayəsində əldə olunub.
Dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində cari ilin yanvar ayının 1-dən etibarən 5 halda ümumi çəkisi 50 kq 230 qram və 8500 ədəd həb şəklində narkotik vasitənin və psixotrop maddələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınmış, 4 nəfər Azərbaycan Respublikasının və 2 nəfər İran İslam Respublikasının vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Təkcə son 10 gün ərzində Azərbaycan-İran dövlət sərhədində 3 halda ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
26 yanvar tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmış, qaçaqmalçı əlindəkiləri ataraq geri qaçmışdır. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 1 ədəd kisənin içərisində ümumi çəkisi 1 kq 900 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
01 fevral tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılmış və sərhəd pozucuları əllərindəki çanta ilə qaçmaq istəyərkən saxlanılıb. Saxlanılan şəxslərin İran İslam Respublikasının vətəndaşları 1980-ci il təvəllüdlü Rza Zend Xanhüseyn və 1986-cı il təvəllüdlü Muradi Talıb Bayram olması müəyyənləşdirilib. Sərhəd pozucularının üzərinə baxış zamanı ümumi çəkisi 9 kq 485 qram narkotik vasitə və 823 ədəd həb, həmçinin 1 ədəd SUR-2608 markalı tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar olunaraq götürülüb.
02 fevral tarixində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq geri qaçıb. Ərazidə axtarış tədbirləri keçirilib, 2 ədəd çantanın içərisində ümumi çəkisi 16 kq 200 qram narkotik vasitə və 5377 ədəd həb aşkar olunaraq götürülüb.
Bu sərhəd pozma hallarının hər biri barədə sərhəd nümayəndəliyi xətti İran sərhədçiləri müvafiq qaydada məlumatlandırılıb, bu kimi hallara qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi razılaşdırılıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.