2020-ci ildə Azərbaycanda 1587 və ya 2019-cu illə müqayisədə 15,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,5 faiz azalaraq 2106 nəfər olub. Onlardan 696-sı həlak olub, 1410-u isə yaralanıb. Hadisələrin 42,6 faizi gündüz, 35,0 faizi gecə, 22,4 faizi isə toran vaxtı baş verib, 28,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2019-cu illə müqayisədə 6,7 faiz azalaraq 526 nəfər, yaralananların sayı 19,4 faiz azalaraq 1315 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 35,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,2 faizini, yaralananların isə 75,0 faizini kişilər təşkil edib.