“Oxumağa həvəsi azalmışdı, atamı itirəndən sonra sonra şam kimi əriyirdi”-FOTO+ÖZƏL

“Oxumağa həvəsi azalmışdı, atamı itirəndən sonra sonra şam kimi əriyirdi”-FOTO+ÖZƏL

“Nənəm bizim xatirəmizdə gözəl və pozitiv bir insan kimi qalıb. Hər dəfə bizə lətifələr danışardı, məclislərdə baş verən maraqlı və gülməli hadisələri bizimlə bölüşərdi. Həmişə deyib-gülürdü. Yaddaşımızda da gülərüz, həyatdan zövq almağı bacaran bir insan kimi qalıb. Avtomobilimdə bu günə qədər onun diskləri, albomları var. Tez-tez onları dinləyirəm. Vəfat və doğum günlərində məzarını ziyarət edirik”

 

 

Bunu Moderator.az-a özəl açıqlamasında əməkdar artist Zöhrə Abdullayevanın nəvəsi Yusif Abdullayev deyib. O daha sonra əlavə edib.

 

“Biz ona “Zorik” deyirdik. Hər zaman ailəmizlə süfrə arxasında yığışanda deyirik ki, “Zorik olsaydı bunu belə deyərdi, belə gülərdi”. Bizimlə vaxt keçirməyi sevirdi. Elə günlərimiz olub ki, nənəmizlə səhərə qədər nərd, loto oynamışıq. Bu oyunları sevirdi. Onu nadir hallarda nərddə udmaq olardı. Dərsdən getmək istəyəndə nənəmə zəng edirdim. Direktora deyirdim ki, nənəm məni özü ilə çəkilişə aparacaq. Dəfələrlə onun hesabına dərslərdən qaçmışam (güllür). Atam xarici ölkəyə gedib, orada təhsil almağımı istəmirdi. Nənəm ona izah etdi ki, Yusif gedib oxumalıdır. Atam vəfat edənə qədər yadıma gəlmir ki, nənəm qəm-kədər içində otursun. Sənətini çox sevirdi. Sənətsiz qala bilmirdi. Darıxırdı. Elə hey istəyirdi ki, yaratsın, oxusun” deyə bildirib.

 

Yusif Abdullayev nənəsinin xəstəliyindən də danışıb.

 

“Nənəmdə xəstəlik öncədən var idi, amma bu dərəcədə biruzə və fəsad verməmişdi. O elə bilirdi ki, bu yüngül dəri xəstəliyidir. Ona görə də müalicəsini bu istiqamətdə edirdi. Atamın vəfatından sonra bu xəstəliyin üstünə əsəb, stress də gəldi. Bundan sonra xəstəliyi şiddətləndi. Çox nadir rast gəlinən xəstəlik idi. 10 milyonda bir insanda tapılardı. Atama çox bağlı idi. Yeganə övladı idi. Atamı itirəndən sonra deyirdi ki, “dayağımı itirmişəm, yaşamağa bir səbəbim yoxdur”. Oxumağa həvəsi azalmışdı, efirlərə çıxmaq istəmirdi. Çıxanda belə göz yaşları ovucunun içində idi. Pozitiv insan gündən-günə gözümüzün önündə şam kimi əriyirdi. Həmişə deyirdi ki, “mən olsam da, olmasam da bir-birinizlə mehriban olun”. Son günündə də bizimlə zarafatlaşdı. Mayın 24-də, vəfat etməzdən 4 gün öncə bizə plov istədiyini bildirdi. Çox sevindik, düşündük ki, yəqin orqanizmdə sağalma başlayıb ki, ona iştah gəlib. O sadəcə bizimlə zarafatlaşmışdı ki, ümidimizi itirməyək. Köməkçisi daim nənəmin yanında idi. Ölümü də qəfil oldu. Çox qorxulu vəziyyət idi. Onun yoxluğu bu gün görünür. Elə bil ki, o məclislərimiz boş qalıb. Hər şey var, amma parlaq, işıq saçan nəsə yoxdur. Yeganə təsəllimiz onun fotoları, mahnılarıdır” deyə sənətkarın nəvəsi bildirib.

 

Mənbə

Share: