Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:
– Qüdrət bəy, Paşinyan parlamentdə çıxışı zamanı qeyd edib ki, “Madrid prinsiplərindən əvvəl Ermənistan tərəfinin mövqeyi belə idi ki, Qarabağ heç bir zaman müstəqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağılması kontekstində öz müqəddəratını təyin etmək hüququndan istifadə edir”. Baş nazir qeyd edib ki, 2007-ci ildə Madrid prinsiplərinin qəbul edilməsi ilə ciddi konseptual dəyişiklik baş verib və Ermənistan razılaşıb ki, Qarabağın statusu Azərbaycanla razılaşdırılmalıdır və beləliklə də Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edib. Paşinyan dediklərində nə qədər haqlıdır?
– Paşinyan riyakarlığına görə sələflərindən fərqlənmir. SSRİ-nin sonuncu, 1977-ci il Konstitusiyasının 72 -ci maddəsinə görə yalnız müttəfiq respublikaların SSRİ-nin tərkibindən sərbəst şəkildə çıxmaq hüququ olub. Nə muxtar respublikaların, nə də muxtar vilayət və mahalların belə bir səlahiyyəti olmayıb. Konstitusiyanın 78-ci maddəsində deyilirdi ki, müttəfiq respublikanın razılığı olmadan onun ərazisi dəyişdirilə bilməz, qarşılıqlı razılaşma əsasında müttəfiq respublikalar arasında sərhədlərin dəyişdirilməsi isə İttifaq dövləti tərəfindən təsdiq olunmalıdır.
Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkib hissəsi olub və onun razılığı olmayıb ki, DQMV Azərbaycanın tərkibindən çıxsın. Azərbaycanın razılığı olmadığından İttifaq dövləti də belə qərar qəbul etməyib və etsəydi belə, Konstitusiyaya zidd olduğu üçün heç bir hüququ qüvvəsi olmayacaqdı. Yeri gəlmişkən Cəmil Həsənli irad və qeyri-vətənpərvərlik nümunəsi kimi tez-tez səsləndirir ki, məhz Heydər Əliyevin dövründə DQMV haqında qanun qəbul edilib, halbuki DQMV-nin statusu əvvəllər Əsasnamə ilə müəyyən olunurdu. Bu SSRİ konstitusiyasını bilməməzlikdən irəli gəlir. Konstitusiyanın 88-ci maddəsində düzünə gəstəriş var idi ki, muxtar vilayətlər haqqında qanunlar müttəfiq respublikaların ali soveti tərəfindən qəbul olunur. Ona görə 1981-ci ilin iyununda DQMV haqqında qanun qəbul edilmişdi. Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin bərpa olunması haqqında qanun qəbul etdi və həmin ilin noyabırında DQMV -ni inzibati ərazi vahidi kimi ləğv etdi.
Paşinyanın 2007 -ci ildə Madrid prinsipləri qəbul olunana qədər guya Qarabağın “öz müqəddəratını təyin etməsinin” hansısa hüquqi əsası varmış deməsi, adəcə erməni həyasızlığı olmaqla yanaşı cəfəngiyyatdır.
– Qüdrət bəy, dünən Laçında baş verənlərə də münasibətinizi bilmək istərdik.
– Laçında baş verənlər növbəti erməni təxribatı idi. Allah şəhidlərimizə rəhmət eləsin, yaralanlara şəfa versin. Şəhidlərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirəm. Ermənistan Rusiyanın Ukraynada məğlubiyyətini gözləyir və sülh sazişi imzalamamaq üçün havadarlarının da təhriki ilə bu cür təxribatlar törədir. Onlar vaxt udmaqla geosiyasi vəziyyətin onların xeyrinə dəyişəcəklərinə ümid bəsləyirlər. Erməni siyasi ekspertlərin mütləq əksəriyyəti öz hökumətlərinə danışıqları uzatmağı tövsiyyə edirlər. Onlar inanırlar ki, Rusiya məğlub olsa və bunun nəticəsi olaraq Qorbaçov və ya Yeltsin kimi qərbyönümlü birisi hakimiyyətə gəlsə birinci Qarabağ savaşında olduğu kimi Rusiya Qərbin də təhriki ilə Ermənistana işğalçılıq siyasətində açıq dəstək verəcək. Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli Birgə Bəyanatın müddəalarına əməl etməməklə, sərhəddə bu tipli təxribatlar törətməklə süni gərginlik yaradıb danışıqlardan yayınır. Bu cür təxribatları törətməkdən ona görə çəkinmirlər ki, görürlər ki, nə Qərb, nə də Türkiyə istisna olmaqla regionun digər dövlətləri sülhdə maraqlı deyil. Heç kim Ermənistana öhdəliklərini yerinə yetirməsi üçün təzyiq etmir. Bəzi dövlətlər isə revanşistləri ruhlandırmaq üçün onları silahlandırır.
Bizim üçün ilk olaraq yeganə çıxış yolu ondan ibarət olmalıdır ki, bu tipli təxribatlara çox sərt cavab verilməli, Qarabağın erməni sakinlərinin qaz və elektriklə təminatını Azərbaycan öz üzərinə götürməli, Ermənistandan gələn qaz və elektrik xətləri kəsilməli, Laçında Ermənistanla dövlət sərhəddi bərpa olunmalıdır. Öz qətiyyətli addımlarımızla Ermənistanı əmin etməliyik ki, ərazi iddialarından imtina etməmələri onlara baha başa gələcək.