Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyi günlərinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Daşkənddəki 106, 22 və 102 nömrəli internat məktəblərinin, Çirçik şəhərindəki 14 saylı uşaq evinin 200-dən çox şagirdi və müəllimləri iştirak edib.
Əvvəlcə uşaqlar Mədəniyyət Mərkəzindəki Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Heydər Əliyev Muzeyi ilə tanış olub, onlara Azərbaycan tarixi, mədəniyyətinə dair geniş məlumat verilib.
AMM-nin kitabxana və muzeylər üzrə mütəxəssisi Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan dövlətləri, tarixi şəxsiyyətlər, ölkəmizin adət və ənənələri haqqında danışıb, uşaq və yeniyetmələri müxtəlif guşə və eksponatlarla tanış edib.
Mədəniyyət Mərkəzinin böyük salonunda davam edən tədbirdə AMM direktorunun müavini Nadir Əlimirzəyev Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, gələcəyimiz olan uşaqlara dövlətlərimizin göstərdiyi qayğı haqqında danışaraq, onları həyata keçirilən işlər və layihələr barədə məlumatlandırıb.
Nadir Əlimirzəyev Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhəri, Qarabağ və Şərqi Zəngəzur regionunun erməni işğalından azad olunduqdan sonra geniş quruculuq və yenidənqurma işlərinə başlandığını vurğulayıb. O, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Şuşa ili” elan edildiyini qeyd edib və Şuşa şəhəri, onun mədəniyyətimizə verdiyi töhfələr haqqında danışıb.
Sonra uşaqlara “Qarabağ atı” animasiya filmi özbək dilində təqdim olunub.
Film 2020-ci ildə AMM-nin layihəsi ilə özbək dilinə dublyaj edilib. Bu film Azərbaycanın “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən hazırlanıb.
Tədbirin sonunda AMM adından uşaqlar və müəllimlər Azərbaycan və Özbəkistan milli təamlarına qonaq ediliblər.
Qulu Kəngərli,
Daaşkənd