Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus hesab edir ki, peyvəndlərə qeyri-bərabər əlçatanlıq və səhiyyə xidmətindəki uyğunsuzluq qlobal pandemiyanın müddətinin uzanmasına kömək edir.
“Report” xəbər verir ki, o, bu fikri Koreya Respublikasının təşkil etdiyi təhlükəsizlik forumunda telekörpü formatında çıxışı zamanı bildirib.
“Peyvəndlərə çıxışda qlobal bərabərsizlik, qeyri-səlis və qeyri-ardıcıl ictimai səhiyyə tədbirləri ilə birlikdə, pandemiyanın müddətini uzadır, virusa hərəkət etmək və mutasiya etmək üçün daha çox yer verir”, – ÜST rəhbəri deyib.
O, xatırladıb ki, rəsmi statistikaya əsasən dünyada 5 milyondan çox insan koronavirusdan dünyasını dəyişib, lakin real rəqəm daha çoxdur. Uzun sürən COVID-19 problemindən danışan ÜST rəhbərinin sözlərinə görə, bu xəstəliklə yaşayan insanların sayı naməlumdur və söhbət “anlamadığımız bir xəstəlikdən” gedir.
Qebreyesus vurğulayıb ki, indiki pandemiya həmrəyliyin böhranından irəli gəlir, o, qlobal səhiyyə arxitekturasının fundamental zəifliyi ilə ağırlaşıb.