Parçala və hökm sür siyasətinin növbəti təzahürü

Parçala və hökm sür siyasətinin növbəti təzahürü

Ərazilərimizdə təbii sərvətlərin qanunsuz istifadəsini monitorinq edən hakimiyyət orqanlarımızın nümayəndələrinin oğru, korrupsioner Vardanyanın və Rusiyanın müvəqqəti sülhməramlı qüvvələrinin komandanı general Volkovun qurduqları birgə oyun nəticəsində mədənlərə buraxılmaması hansı məqsədlər daşıyır və belə fəaliyyətin sülhməramlı hərbi qüvvələr adı ilə əlaqəsi varmı? Cavab əslində tam aydındır. Amma təkrar olsa da, bundan ötrü müvəqqəti hərbi kontingentin ərazilərimizə yerləşdikdən sonrakı fəaliyyətinə qısa bir nəzər yetirmək vacibdir.

 

Sülh, yoxsa nifaq məramlı qüvvə: faktlar nə deyir? 

 

Sülhməramlı qüvvələrin dünya ölkələrindəki tarixi təcrübəsi göstərir ki, onların başlıca məqsədi qarşıdurmaya, qan tökülməsinə yol verməmək, insanları bir-birinə yaxınlaşdırmaq, etimad mühiti yaratmaq üçün tədbirləri həyata keçirməkdir. Bəs Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərimizdə fəaliyyəti bu tələblərə cavab verirmi? Bu sualın da cavabı aydındır. Qətiyyən yox! 

 

Baş verən bütün qanunsuz hərəkətlər üçün məsuliyyət müvəqqəti yerləşmiş Rusiyanın sülhməramlı adlanan hərbi kontingentinin komandanının və onun rəhbərlərinin üzərinə düşür. İlk növbədə, indiyədək üçtərəfli bəyanatın aşağıdakı konkret tələbləri Ermənistan tərəfindən yerinə yetirilməyib: erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmayıb; Ermənistanın və havadarlarının təqsiri üzündən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə qurulmayıb; Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası həyata keçirilməyib; sülh sazişi imzalanmayıb. 

 

Bu məsələlərin yerinə yetirilməsində Ermənistanla müstəqil deyildir, işarə ilə hərəkət edir. Onun himayədarları nə vaxtsa əlverişli şəraitin yaranacağı və ya “bəlkə də qaytardılar” xəyalları ilə yaşadıqları üçün prosesləri rezin kimi uzatmaqla məşğuldurlar.

 

Bütün bunlar azmış kimi sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərimizdə qanunazidd, cinayətkar fəaliyyətlər həyata keçirilir. Konkret olaraq: ərazilərimizə Ermənistandan terrorçular və xarici ölkə vətəndaşları qanunsuz daxil olurlar; silah və sursat daşınır; ermənilərin Ermənistana getmələrinin qarşısı zorla alınır; qanunsuz miqrasiya həyata keçirilir; ağır vəziyyətdə yaşayan ermənilərin dirçəliş işlərini həyata keçirən azərbaycanlılarla yaxınlaşmasının qarşısı alınır; ermənilər və azərbaycanlılar arasında münasibətlərin yumşaldılmasından ötrü heç bir şey edilmir, əksinə düşmənçiliyi dərinləşdirməkdən ötrü bildirilir ki, guya erməniləri azərbaycanlılardan Rusiya hərbi kontingenti qoruyur; blokpostları qurmaqla onları tədricən sərhəd xəttinə çevirmək üçün zəmin hazırlanır; ərazidə qanunsuz olaraq kilsələr tikilir, qondarma icma yaratmaq üçün fəaliyyətlər həyata keçirilir; təbii sərvətlərin qanunsuz talanmasına, ekologiyaya vurulan ziyana göz yumulur; özlərini sülhməramlı adlandıran qüvvələr Laçın-Xankəndi yolundan düşmənçiliyi dərinləşdirmək üçün istifadə edirlər və s.

 

Azərbaycanlı ictimai fəalların etirazı təbiidir və tələbləri yerinə yetirilməlidir.

 

Belə bir şəraitdə azərbaycanlı ictimai fəalların Laçın-Xankəndi yolunda etiraz aksiyaları keçirməsi təbiidir, qanunidir. Onlar qanunsuzluğa, özbaşınalığa son qoyulmasını tələb edirlər.Etirazçıların tələbləri yerinə yetirilməli və monitorinq qrupu işini maneəsiz davam etdirməlidir. Bu tələbin yerinə yetirilməməsinin alternativi Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasının yaratdığı yeni şəraitdir. Yəni monitorinq qrupu fəaliyyətinə yenidən başlayanadək, mədənlərə baxanadək aksiyalar da davam etdirilməlidir. Əkd halda bu məsələdə geri çəkilmək ağır nəticələrə gətirə bilər.

 

Müvəqqəti hərbi kontingentin hərəkətlərində məqsəd nədir və ya son çırpıntılar.

 

Rusiya müvəqqəti hərbi kontingentinin komandanlığı bu hərəkətləri ilə deyir ki, ermənilər, sizin düşmənləriniz azərbaycanlılardır və biz sizləri guya onlardan qoruyuruq. Əslində isə Xankəndidə yaşayanlar da bizim vətəndaşlarımızdır. Azərbaycanlıların onlarla haqq-hesab çəkmək niyyəti yoxdur, əgər olsaydı, 44 günlük Vətən müharibəsində çoxdan etmişdi. Elə isə general Volkov niyə belə hərəkətlər edir? Öz rəhbərliyinin tapşırıqlarını yerinə yetirir. O, rus xalqının pullarını oğurlamış fırıldaqçı Vardanyanın şalvarının cibindədir və xirtdəyinə qədər çirkaba bulaşıb. Volkov düşmənçiliyi qızışdıraraq erməniləri guya qorumaq adı altında əslində ilk növbədə, imperiya siyasətini təmin etməyə çalışır. Ermənistanın gələcəyi qonşuları ilə dil tapıb keçinməkdən keçsə də, hərbi kontingentin etdikləri İrəvanı qorxudaraq, ondan bir vasitə kimi istifadə edərək Cənubi Qafqazda Rusiyanın qalmasını təmin etməyə yönəlib. Rusiya Cənubi Qafqazda iki yolla qala bilər: Birincisi, maliyyə, kapital qoymaqla. İkincisi, çarizm dövründən qalan ənənəni davam etdirərək parçala və hökm sür siyasəti, münaqişələr yaradıb, özünü sülhpərvər kimi sırıdıb hərbi güc yolu ilə. Rusiyanın müstəmləkəçilik siyasətində hər hansı bir əraziyə maliyyə, kapital qoyuluşu ilə daxil olmaq ənənəsi yoxdur. Və bu gün də Rusiyanın maliyyə, kapital imkanları mövcud deyildir. Rusiya daim sümürgəçiliklə məşğul olub. Deməli, Qafqazda qalmasının və ya buraya qayıtmasının yolu nifaq yaratmaqdan, özünü barışdırıcı kimi göstərməkdən keçir. İmperiya təfəkkürlü adamlar belə hesab edirlər ki, əgər ermənilərlə azərbaycanlılar mehriban bir şəraitdə yaşayarlarsa, Ermənistan və Azərbaycan arasında normal dövlətlərarası münasibətlər olarsa, onda bu regionda üçüncü qüvvəyə ehtiyac qalmaz. Müvəqqəti hərbi kontingentin əsl məramı da elə budur: parçala və hökm sür.

 

Baş verənlər Cənubi Qafqaz uğrunda son çırpıntıların işarəsidir. Tarixən belə çırpıntılardan sonra son nəfəs, çöküş və ölüm gəlib. Tarix isə daim təkrar olunur.

 

Musa Qasımlı

Milli Məclisin deputatı 

Mənbə

Share: