İranın Azərbaycanda agentura şəbəkəsi qurması heç kimə sirr deyil. Uzun illər ərzində din pərdəsi altında təxribatçı fəaliyyətlə məşğul olan fars rejiminin maliyyələşdirdiyi agentura şəbəkəsinin siyasi arenaya qədər uzandığı ehtimal olunur. Hətta iddia edilir ki, Azərbaycanda fəaliyyət göstərən bəzi müxalif partiyaların rəhbər şəxsləri arasında İranla gizli bağlılığı olanlar da var.
Səsləndirilən fikirlər nə qədər realdır? Azərbaycanın müxalif düşərgəsində İranın casusları var?
Bu barədə Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, siyasi partiyalarda İranın maraqlarını müdafiə edən şəxslərin olması istisna deyil. Onun fikrincə, İran hakimiyyəti uzun illər ərzində Azərbaycanda müxtəlif sahələri əhatə edən şəbəkə qurmağı bacarıb.
“İran ictimai-siyasi və müxtəlif sahələrdə özünə tərəfdarlar toplayıb, bu istiqamətdə siyasi fəallar, partiya liderləri də onların maraq dairəsində olub. Çünki həmin şəxslərin ölkənin ictimai rəyinə təsir etmə, ictimai rəyi istiqamətləndirmək imkanları var. Ona görə də düşünürəm ki, siyasi partiyalar arasında İrana müəyyən mənada xidmət edən qüvvələr var. Əlimdə dəqiq fakt yoxdur. Şübhəsiz ki, İranla iqtisadi əlaqələri olan siyasi partiya liderləri, fəallar var ki, onların Tehranla siyasi münasibətlər qura bilməsi istisna deyil”.