Paşinyan niyə Putinin maşınıa mindi…

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan 6 ölkədən 5-nin prezidenti KTMT Şurasının növbəti sessiyasında iştirak etmək üçün dünən Ermənistana gəlmişdi. Ev sahibi kimi Ermənistanın təşkil etdiyi sessiya bir sıra maraqlı məqamlarla yadda qalıb.

Modern.az xəbər verir ki, diqqət çəkən məqamlardan biri dövlət başçılarının İrəvan hava limanında necə qarşılanmağı olub.

Belə ki, İrəvana gələn 5 dövlət başçısından 4-nü Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. O, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistan prezidentləri Kasım-Jomart Tokayev, Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmonu aeroportdan KTMT iclasının keçirldiyi “Dvin” mehmanxanasına qədər müşayiət edib.

Yalnız Rusiya Federasiyasının prezidenti Vladimir Putini şəxsən erməni baş nazir Nikol Paşinyan qarşılayıb.

Digər maraqlı hadisə prezidentlərin hərəkət etdiyi maşınlarla bağlı olub. Belə ki, 5 ölkənin liderlərindən yalnız Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xidməti maşınlarını özləri ilə İrəvana gətiriblər ki, burada öz avtomobilləri ilə hərəkət etsinlər.

Qırğızıstan, Belarus və Tacikistan prezidentləri – Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmon isə erməni tərəfinin verdiyi zirehli maşınlarla qarşılanıb.

 

İrəvan hava limanında müşahidə olunan digər maraqlı fakt Paşinyanın Putinin maşınına minməsi olub. Rusiya prezidentini şəxsən qarşılayan erməni baş nazir “Dvin” mehmanxanasına yola düşərkən Putinin avtomobilinə əyləşib.

Maraqlı hadisələrdən biri də Putinin İrəvana Rusiya istehsalı olan “Aurus” zirehli maşınlarından ibarət kortejini gətirməsi olub. Putin özü ilə ayrıca təyyarədə 6 hamısı zirehli olan “Aurus” maşını gətirib, 3- sedan, 3-ü mikroavtobus. Putinin özü Paşinyanla birgə sedanlardan birində əyləşib.

Putini müşayiət edən karvanda Ermənistanın verdiyi avtomobillər olub.

 

Diqqət çəkən məqamlardan biri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin avtomobilinin nisbətən sadı olması idi: W222 kuzovlu zirehli Mercedes Maybach.

Digər ölkələrin liderlərini – Belarus Prezidenti Aleksandr Lukaşenkonu, Qırğızıstan Prezidenti Sadir Japarovu və Tacikistan Prezidenti Emomali Rahmonu Ermənistanın təqdim etdiyi köhnə W221 kuzovlu S-Class Mercedes avtomobilləri aparıb. Onlar zirehli olsalar da fiziki cəhətdən köhnəlmiş maşınlar idi.

Dövlət başçılarının zirehli maşınlarla qarşılanması protokol tələbidir. Yəni böyük tədbirlərə ev sahibi edən ölkə yüksək rütbəli qonaqları qarşılamaq, lazım gəldikdə onların təhlükəsizliyini təmin etmək üçün zirehli maşınlara malik olmağa borcludur.

Erməni mətbuatı yazır ki, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin avtomobil parkı kifayət qədər bərbad və acınacaqlı vəziyyətdədir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra büdcə hesabına W222 kuzovlu iki zirehli Mercedes alınıb ki, onlardan biri və ya bəlkə hər ikisi növbə ilə baş nazirə xidmət edir.

 

Təhlükəsizlik Xidmətinin avtomobil parkındakı digər maşınlar daha yaşlı, təxminən on və ya daha çox yaşı olan W221 gövdəli S-klass Mercedeslərdir. Həmin maşınlardan biri üçüncü prezident Serj Sarkisyana həvalə olunub. Ermənistan mətbuatının məlumatına görə, həmin maşın tez-tez texniki problemlər yaradır, mühərriki  daha çox “yağ yandırır”.

Təhlükəsizlik Xidmətinin avtomobil parkında bir vaxtlar sabiq president Armen Sarkisyana xidmət etmiş bir zirehli BMW-760 da var. Amma onun da yaxşı texniki vəziyyətdə olmadığı qeyd edilir. 2018-ci ildə Almaniya kansleri Angela Merkel həmin BMW ilə qarşılanıbmış. Həmin gün Armen Sarkisyan qarşılanma mərasiminə şəxsi Cadillac avtomobili ilə getməli olub, çünki ona təyin edilmiş zirehli BMW Angela Merkelə verilmişdi.

A.Qorxmaz

Mənbə

Share: