Ermənistanın baş naziri Nikol Paşinyan Laçın yolunda yaranmış durumla bağlı Qarabağ separatçılarına yardım göstərmək və Xankəndidəki qondarma rejimlə birgə vəziyyətə nəzarət üçün işçi qrupunun yaradılması barədə qərar qəbul edib.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında deyib.
İşçi qrupuna Ermənistan baş nazirin müavini rəhbərlik edəcək.
Paşinyan bildirib ki, Qarabağ ermənilərinə yardım həm də beynəlxalq təşkilatların köməyi ilə göstəriləcək.
İşçi qrupuna Səhiyyə Nazirliyinin, Sosial Əmək Nazirliyinin, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəhbərləri daxil olacaq.
İclasın gündəliyinə Qarabağ separatçıların 4 milyard dram (10 milyon dollar) məbləğində əlavə maliyyə yardımının göstərilməsi məsələsi də daxil edilib. Baş nazir həmçinin, Qarabağda “humanitar vəziyyətin pisləşməsi barədə beynəlxalq tərəfdaşları fəal şəkildə məlumatlandırmağa” çağırıb, deyib ki, vəziyyətə maksimum beynəlxalq rezonans verilməlidir.