Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
Milletinsesi.az xəbər verir ki, son günlərdə koronavirusa yoluxanların sayında böyük artımın olması nəzərə alınaraq, noyabrın 14-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxt üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti – on altıncı dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirirlər.
Şənbə və bazar günlərində paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, Bakı sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə ciddi zərurət yaranmadığı halda küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya tədbirlərini davam etdirirlər.
Qeyd edək ki, qış aylarında yağıntılar yağan zaman dezinfeksiya işləri lokal xarakterli olacaq.
Xatırladaq ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır.
Koronavirusun daha da çox yayılmasının qarşısını almaq üçün vətəndaşlardan karantin qaydalarına ciddi riayət etmələri xahiş olunur.