Planetdə bir milyondan çox heyvan və bitki növü məhv olmaq ərəfəsindədir

Təbiət “geri çəkilir”. Biomüxtəlifliyin itirilməsi prosesi rekord həddə çatıb. 2 milyard hektar ərazi məhsuldarlığını itirib. Planetdə bir milyondan çox heyvan və bitki növü məhv olmaq ərəfəsindədir. İnsanlar koronavirus pandemiyası kimi yeni bioloji təhdidlərə qarşı getdikcə daha həssas olurlar.

Bu barədə məlumat “Biomüxtəliflik sahəsində qlobal perspektiv” adlı hesabatın beşinci nəşrində yer alıb.

Hesabatda 2011-2020-ci illər üçün biomüxtəlifliyin qorunması və ondan səmərəli istifadə olunması, habelə bu strateji planın həyata keçirilməsi istiqamətində irəliləyiş müzakirə olunub. Hesabat bioloji müxtəliflik haqqında konvensiyanın ekspertləri tərəfindən hazırlanıb. Ekspertlər qarşıya qoyulan 20 hədəfdən yalnız altısının reallaşdığını qeyd etsələr də, təbii ki, bu pis nəticə deyil. İlk növbədə ona görə ki, biomüxtəlifliyin qorunması istiqamətində səylərin birləşdirilməsi bir sıra növlərin xilas olunmasında həlledici rol oynayır.

Beləliklə, son üç onillikdə nəsli kəsilmək üzrə olan təxminən 50 quş və məməli növünü qorumaq mümkün olub ki, bunun da 25-i məhz sonuncu onilliyin payına düşür. Məsələn, onların arasında hələ 1960-cı illərin sonlarında “Qırmızı kitab”a salınmış “Amerika xoreki” adlanan qara ayaqlı bərə də var.

Mütəxəssislər, həmçinin qeyd edirlər ki, planetdəki bütün fermaların üçdə biri, yəni, təxminən 163 milyonu ekoloji təmiz kənd təsərrüfatı üsullarından istifadə edirlər. Meşələrin qırılması tempi artıq 33 faiz azalıb. Hazırda 27 milyon hektar ərazidə bərpa işləri aparılır.

Ekspertlər vurğulayırlar ki, bütün bu rəqəmlər vəziyyətin ümidsiz olmadığını bildirir. Beynəlxalq ictimaiyyət biomüxtəlifliyin saxlanması və qorunması istiqamətində səylərini ikiqat artırmalıdır. Onlar bu sahədə gələcək fəaliyyət üçün səkkiz prioritet istiqamət müəyyənləşdiriblər.

Bu sıraya torpaqların və meşələrin qorunması, o cümlədən torpaqların deqradasiyasına qarşı mübarizə və meşə ekosistemlərinin bərpası, kənd təsərrüfatı işlərinin aparılmasında dəyişikliklər edilməsi, məhsuldarlığı artırmaq məqsədilə aqroekoloji yanaşmanın tətbiqi, biomüxtəlifliyi artırmaq üçün mənfi təsirlərin minimuma endirilməsi, qida sisteminin dəyişdirilməsi, sağlam həyat tərzinin təşviq edilməsi, həmçinin daha çox bitki qidasından və daha az ət məhsullarından istifadə edilməsinin zəruriliyi barədə məlumatın yayılması, dəniz ekosistemlərinin bərpası və akvakulturanın inkişaf etdirilməsi, şəhər tikintisində ekoloji yanaşmaların tətbiqi və “yaşıl” infrastrukturun yaradılması, iqlim dəyişikliyinə qarşı mübarizə, o cümlədən qazıntı yanacağı növlərindən imtina, bütün ekosistemlərə harmonik qarşılıqlı təsir prinsipinin tətbiq edilməsi daxildir.

Bununla yanaşı, mütəxəssislər biomüxtəlifliyin qorunması üzrə fəaliyyətin eyni qaydada maliyyələşdirilməsinin zəruriliyini də vurğulayıblar. Lakin sözügedən məqsədlər üçün yüzlərlə milyard dollar tələb olunsa da, hər il bu sahəyə 100 milyard dollardan az maliyyə vəsaiti ayrılır.

Share: