Polis Qubada əməliyyat keçirdi: iki qardaş saxlanıldı

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şabran rayon sakinləri – Zaur və Vüqar Bəgiyev qardaşlarını saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşların meşə zolağında əkib yetişdirdiyi 156 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə olaraq həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman 1,5 kiloqram narkotik vasitə olan marixuna, 90 ədəd çətənə (kannabis) bitkisinin qalıqları (qurudulması üçün qoyulan) aşkar olunaraq götürülüb.

Həmçinin davam etdirilən əməliyyat tədbirləri zamanı V.Bəgiyevin evinə baxış zamanı oradan bir ədəd tüfəng və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Share: