13 : 39 17 aprel
   
Mədəniyyət

Xan Şuşinskinin xatirəsi anıldı

2019-03-18 17:10 Baxılıb:   41

Martın 18-də xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir; 1901-1979) vəfatının 40 ili tamam olur.

Milletinsesi.az xəbər verir ki, bu münasibətlə millət vəkilləri, musiqi ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət etdilər. Xanəndənin məzarı önünə tər çiçək dəstələri qoyularaq xatirəsi ehtiramla yad olundu.

Anım mərasimində çıxış edən millət vəkili, akademik Rafael Hüseynov ustad sənətkarın həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, Xan Şuşinski milli musiqi tariximizdə özünəməxsus, şərəfli yer tutur. O, hələ yeniyetmə vaxtlarından xanəndəliyə başlayıb, tanınmış sənətkar İslam Abdullayevdən dərs alıb.

Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. Yaradıcılıqla məşğul olduğu 60 ilə yaxın vaxt ərzində öz sənəti ilə xalqına xidmət edib.

Vurğulandı ki, Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində gənclik illərindən şöhrət qazanıb, Azərbaycan muğamlarını zənginləşdirib, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. Klassik xanəndələrin ənənələrinin layiqli davamçılarından olan istedadlı sənətçi oxuduğu muğamlarda gəzişmə və zəngulələrdən məharətlə istifadə edib. Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları dillər əzbəri olub. O öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Üzeyir Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Qeyd olundu ki, Xan Şuşinskinin gənc xanəndələrin yetişdirilməsində də əməyi olub. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf edib.

Akademik Rafael Hüseyn çıxışının sonunda onu da vurğuladı ki, Xan Şuşinski kimi sənətkarların doğum tarixi olur, ölüm tarixi yox: “Belə sənətkarlar öz istedadları ilə əbədiyaşarlıq qazanırlar. Xan əminin cismən aramızdan ayrılmasından 40 il ötməsinə baxmayaraq, o, heç vaxt səhnəmizi tərk etməyib. Onun ifaları daim səsləndirilib, bundan sonra da səsləndiriləcək”.

 

Bənzər xəbərlər