Azərbaycanın idxal olunan buğdadan asılılığının azaldılması istiqamətində Prezident İlham Əliyevin xüsusi tapşırığı var və bu istiqamətdə ciddi işlərə başlanılıb.
Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, strateji hesab olunan istiqamətlər üzrə müvafiq ehtiyatların yaradılması istiqamətində iş gedir. “Bu baxımdan xüsusi proqram var. Eyni zamanda ehtiyatların yenilənməsi istiqamətində də iş aparılır. Yəni müəyyən ərzaq məhsulları var ki, onlar köhnəlmədən bazarda satılmalı və yeni məhsullar alınaraq ehtiyat yenilənməlidir”, – deyə nazir əlavə edib.