Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) “Prezident Heydər Əliyev” tankerinin əsaslı təmiri başa çatıb.
Bu barədə Milletinsesi.az-a ASCO-dan məlumat verilib.
Məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Gəminin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri təmir edilib. Tanker üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib.
Bununla belə, “Prezident Heydər Əliyev” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri və göyərtəsi təmizlənərək rənglənib.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.
Xatırladaq ki, “Prezident Heydər Əliyev” gəmisi ASCO-nun Nəqliyyat Donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.