Prezident İlham Əliyev: “Kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar”

“Deyə bilərəm ki, islahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni bu nə deməkdir? Yəni bu, yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə – İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Dövlət başçısı deyib ki, bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi: “Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir.

Ona görə bu sahə çox ciddi diqqət tələb edir, çox ciddi addımlar atılmalıdır. Əminəm ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən gələcək. Ümumiyyətlə, bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir. Ancaq bütün bu işləri biz, ilk növbədə, biznesin inkişafı prizmasından həll etməliyik. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.

Eyni zamanda haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmişiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək.

Ona görə sizin qarşınızda çox böyük vəzifələr dayanır. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq”.

Share: